Zod qızıl yatağı ilə bağlı İLK RƏSMİ AÇIQLAMA

ÖLKƏ
14:30 / 28.11.2020
6268

Noyabrın 25-də 27 illik erməni işğalından azad edilən Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ermənilər "Zod” adlandırır - red.) yatağının hansı tərəfdə qalacağı mübahisələrə səbəb olub. Qeyd edək ki, 112 ton qızıl ehtiyatları olan yataq Cənubi Qafqazda başqa yataqlarla müqayisədə ən yüksək iqtisadi göstəricilərə malikdir - 1 ton filizdə 7,3 qram qızıl.

HİT.Az xəbər verir ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev Turan-a açıqlamasında yataqla bağlı bir çox məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə "Zod-Söyüdlü qızıl mədəninin 74%-i Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq:

"Bu yataqda aşqar azdır, qızıl tərkibi çoxdur. Onu istismar etmək asandır. Qafqazın bu ən böyük yatağının tərkibində qızıl az olan hissəsi Ermənistanda yerləşir. Bunu bilən erməni biznesmenlər Kəlbəcər rayonunun işğalından istifadə ediblər və intensiv olaraq məhz zəngin Azərbaycan hissəsində, böyük sahədə işləyiblər, bizim zonadan mümkün qədər çox filiz çıxarmağa çalışıblar. Ermənilər yatağın bizə məxsus olan hissəsini məhv etməyə çalışıblar ki, bizə heç nə qalmasın. Amma əminəm ki, 27 illik işğaldan və vəhşicəsinə mənimsənildikdən sonra da Söyüdlü yatağı boş deyil. Biz yaxın aylarda bu zonanın monitorinqinə, ziyanın qiymətləndirilməsinə başlayacağıq”.

Nazirlik rəsmisi bildirib ki, adıçəkilən yatağın istismarı perspektivlərinin müəyyən texnoloji və digər spesifik məqamları var: 

"Bizim son illər "Zod” ("Sot”) yatağında operator olan Rusiya şirkəti ilə əlaqəmiz olmayıb. Noyabrın 25-dən etibarən Azərbaycan yatağın əsas hissəsi üzərində hüquqlarını özünə qaytarır”.

Əli Əliyevin sözlərinə görə, noyabrın 27-də nazirlikdə digər qızıl yatağı – Azərbaycanın Zəngilan rayonunda yerləşən Veynəli ilə bağlı müzakirələr aparılıb: 

"Biz onunla bağlı bütün məsələləri qaldırmışıq və artıq yaxın günlərdə onun vəziyyətinin monitorinqinə və qiymətləndirilməsinə başlayacağıq".

Ağdərə (Tərtər rayonunun ərazisi) yaxınlığındakı "Qızılbulaq” yatağına gəlincə, nazirlik nümayəndəsinin sözlərinə görə, Tərtər rayonunun qalan hissəsi azad edildikdən sonra o da Azərbaycanın yurisdiksiyasına düşür:

"Bu üç yataq – Söyüdlü, Veynəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir. Biz özümüz ilkin monitorinq və qiymətləndirmə apardıqdan sonra bu şirkətin mütəxəssislərini  bu yataqların vəziyyətinin qiymətləndirilməsinə cəlb edəcəyik. Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış azad edilmiş ərazilərdəki aktivlərin qiymətləndirilməsi üzrə komissiya fəal işə başlayıb və biz onun işinin, o cümlədən filiz yataqları ilə bağlı işinin nəticələrini daha sonra bölüşəcəyik”.

0