"Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir".
HİT.Az xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
"Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq".
Ölkə başçısı həmçinin qeyd edib ki, eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı.
"Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik".