6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin COVID-19-a yoluxması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, saxlanılan şəxslərə başçəkmə zamanı onların fiziki durumu barədə məlumatlar ictimaiyyətə açıqlanmır.
Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə Modern.az-a açıqlamasında girovun COVID-19-a yoluxması barədə məlumatları təsdiqləməyib:
“Təxminən 15 gün əvvəl qardaşımdan bizə məktub verdilər. Orada yaxşı olduğunu yazırdı. İki gün əvvəl isə Şahbaza vermək üçün bizdən məktub aldılar. Onların səhhətində dəyişikliklə bağlı “Qızıl Xaç”dan hər hansı məlumat almamışıq. Belə bir şey olsa, hər halda xəbər verərdilər”.
Qeyd edək ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ildən erməni girovluğundadır. Düşmən “məhkəmə”sinin qərarı ilə Ş.Quliyev 22 il, D.Əsgərov isə ömürlük azadlıqdan məhrum edilib. Onlar 2020-ci ilin oktyabrınadək Şuşa qalasında saxlanılıb. Ordumuzun Şuşaya daxil olması ilə girovları Ermənistana köçürüblər.