Azərbaycanda hazırlanmış ilk yüksək texnologiyalı protezlər təqdim edildi - FOTO

ÖLKƏ
16:02 / 03.12.2020
1594

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində innovativ addım atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin istehsalı sexində hazırlanmış ilk iki protez nümunəsi təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aşağı ətraf protezləri Qarabağ müharibəsi əlilləri Malik Orucova və Ayaz Məmmədova verilib.

Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə müəssisədə yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması dövlət başçısının əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti göstəricisidir.

C.Əbdul-Qədirov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əliliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin reabilitasiyasına qayğısından bəhs edib. Bildirib ki, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Fond tərəfindən müvafiq layihə çərçivəsində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı protez məhsulları ilə təmin ediliblər.

Agentlik sədri ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı işinin davamı kimi bu ilin 11 ayında 10424 əlilliyi olan şəxsə 26 700-dək reabilitasiya vasitəsi, o cümlədən  900-ə yaxın əlil arabası verildiyini qeyd edib. Bildirib ki, ölkəmizdə reabilitasiya sistemi müasirləşdirildiyi kimi, reabilitasiya vasitələrinin istehsalı praktikası da daim təkmilləşdirilir, qabaqcıl dünya standartlarına uyğunlaşdırılır.

Yüksək texnologiyalı protezlərin hazırlanması sexi dünyanın məhşur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində qurulub. Burada həmin şirkətin “Genium” sisteminin, yəni yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında protez istehsalı nəzərdə tutulub. Bu sistem üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. Rahatlığı xeyli artırır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, yüksək texnologiyalı protezlər verilmiş müharibə əlilləri M. Orucov və A.Məmmədov protez istehsalı sahəsində müasir yeniliklərin tətbiqinin təqdirəlayiq olduğunu bildiriblər. Onlar əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının artırılmasına göstərdiyi böyük qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Yüksək texnologiyalı protezlərin üstünlükləri nümayiş edilib, protezlərin istehsalı sexi ilə tanışlıq olub.

Tədbirdə həmçinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” nominasiyası üzrə respublika müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 236 müəssisə və təşkilatdan Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin qalib olduğu bildirilib. Komitənin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəsissəsi” diplomu təqdim edilib.

0