Hərbi qulluqçuların Ordudan tərxis olunması nə vaxt tamamlanacaq?

ÖLKƏ
15:18 / 05.12.2020
2355

Müharibə bitən gündən ön cəbhədə döyüşən hərbçilərin yaxınlarını bir sual düşündürür - Müharibə iştirakçıları evlərinə nə vaxt qayıdacaqlar?

Hətta müddətli həqiqi hərbi xidməti başa vuran hərbçi qulluqçularımız var ki, onlar da ehtiyata buraxılmayıb. Artıq bəzi valideynlər narahat olur, bununla bağlı Müdafiə Nazirliyinə müraciət edirlər. 

Bəs hərbçilərimizin ordu sıralarından tərxis olunması prosesi necə tənzimlənməlidir? Tərxis olunma nə vaxt başa çatdırılacaq?

Bu barədə “BakuPost”a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, Prezident İlham Əliyev bir qrup şəxslərin hərbi xidmətdən tərxis olunması ilə bağlı sərəncam imzalayıb: 

“Burada ailə vəziyyəti, vaxtı ilə ailəsindən şəhid olanlar və digər bu kimi hallar nəzərə alındı. Bu, onu göstərir ki, artıq Vətən Müharibəsi, eyni zamanda hərbi əməliyyatlar bitib və hərbi qulluqçuların müəyyən bir hissəsini tərxis etmək olar. Hesab edirəm ki, digər kateqoriyadan olan hərbi qulluqçularımız tədricən tərxis olunacaqlar. Hələ də müəyyən qədər şəxsi heyətin saxlanılmasına ehtiyac var. Çünki 10 min kvadrat kilometrədək ərazi işğaldan azad edilib və azad olunan yerlərdə hələ məskunlaşma yoxdur. Oranın qorunmasında, həmçinin həmin ərazilərdə atılmış silah, texnikalar var ki, onların sahiblənməsində hərbi qulluqçularımıza ehtiyac var. Bu baxımdan düşünürəm ki, tərxis olunma çox çəkməz. Hər kəs bilsin ki, bu gün hərbi qulluqçularımız - əsgərindən tutmuş, zabitinə qədər hamısı dövlətin qayğısı əhatəsində və diqqətindədir. Onların təhlükəsizliyi, sağlamlığı qorunur. Onlar lazımi həyat şəraiti ilə təmin edilirlər. Yaxın müddətdə professional hərbi qulluqçularımızı çıxmaqla digərlərinin tərxis olunması da mümkün olacaq”.

Hərbi ekspert Ədalət Verdiyev isə qeyd etdi ki, səfərbərlik və könüllülük əsasında Orduya cəlb edilən şəxsi heyətin hərbi xidmətdən tərxis olunması yalnız Ali Baş Komandanın kompetensiyasına aiddir: 

“Artıq tərxis olunma barədə ilkin sərəncam bir neçə gün əvvəl verildi. Lakin bu sərəncam heç də bütün könüllüləri və xidmət müddəti başa çatan heyəti əhatə etmədi. Bu normal və gözələnilən idi. Nəzərə alaq ki, 1994-cü ilin may ayında atəşkəs imzalandı, şəxsi heyətin tərxis olunması isə bundan 2 il sonra həyata keçirilə bildi. Bu kimi tədbirlərin tələsik və qısa müddət ərzində həyata keçirilməsi mümkün olmur. Həm də ölkə sərhədlərinin təhlükəsizliyi, paralel olaraq, ümumilikdə Azərbaycan ərazisinin müstəqilliyi və suverenliyinin təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir”. 

Ə.Verdiyev əlavə etdi ki, böyük ehtimalla yaxın günlərdə - Yeni il ərəfəsi, yaxud ondan dərhal sonra Prezidentin tərxis olunma ilə bağlı növbəti sərəncamı olacaq: 

“Bu sərəncam daha geniş sayda - xidmət müddətini başa vuran və ya səfərbərliklə Orduya cəlb edilən şəxsi heyətin hərbi xidmətdən tərxis olunmasına şərait yaradacaq. Proseslərin tənzimlənməsi və nizamlı şəkildə həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin müvafiq Səfərbərlik İdarəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları arasında müzakirələr aparılır. Hansı kateqoriyadan nə qədər heyətin Orduya cəlb olunduğu və hansı kateqoriyaların ilk növbədə tərxis olunması məsələləri təklif şəklində bu qurumlar tərəfindən hazırlanır. Lakin bu təkliflər əsasında əmrin verilməsi qeyd etdiyim kimi, yalnız Ali Baş Komandanın səlahiyyətindədir. Düşünürəm ki, Azərbaycanın insan potensialı kifayət qədər olduğu üçün Novruz bayramınadək Orduda heç bir könüllünün, yaxud müddəti başa çatan müddətli hərbi qulluqçuların qalması ilə rastlaşmayacağıq. Bu proses mərhələli şəkildə, kateqoriyalar üzrə həyata keçiriləcək”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli sərəncamına əsasən hərbi xidmətə çağırılmış bəzi kateqoriyadan olan hərbi qulluqçuların dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsinə başlanılıb. Həmin kateqoriyalar aşağıdakılardır:

1.1. üç və ya daha çox uşağı olan;
1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
1.4. ailənin tək övladı olan;
1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

0