Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq işləri davam edir.
Bu məqsədlə Azadlıq meydanında xüsusi konstruksiyalar quraşdırılıb, ərazi abadlaşdırılır. Bundan əlavə, "Azneft" dairəsində Azərbaycan bayrağını əks etdirəcək xüsusi lövhələr də yerləşdirilib.
Müdafiə Nazirliyindən rəsmi olaraq bildirilib ki, qələbəyə həsr olunmuş hərbi parad noyabr ayının 10-da keçiriləcək.
Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Mövzu ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan edəcək. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına həm də rəqibləri üçün böyük və əhəmiyyətli siyasi bir ismarıcdır:
“Həqiqətən də biz bu hadisələrin şahidi kimi tarixi günləri yaşayırıq. Daim qonşuların ərazi iddiaları nəticəsində süverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu, müxalifət və iqtidar bir yerdə bir yumruğa çevirilib erməni qəbskarlarının layiqli cavabını verə bildi. Silahlı Qüvvələrimiz döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş olacaq”.
Ə.Verdiyev qeyd edib ki, hərbi paradda Azərbaycanın qələbə bayrağının təqdim edilməsinin şahidi olacağıq. Vacib elementlərdən biri də qələbənin əldə ediləməsində müstəsna rolu olan, müşahidə, kəşfiyyat, zərbə və kamikadze tipli PUA-ların təqdimatı ola bilər:
“Təbii ki, bu, ənənəvi, əvvəllər keçirdiyimiz paradların ssenarisinə oxşasa da, əhəmiyyətinə görə tam fərqli bir paraddır. Bu, sırf Zəfər paradıdır. Bu parad uzun illər hamımızın gözlədiyi, beynəxlaq çərçivədə tanınan dövlət sərhədimizin bərpa olunması ilə bağlı keçirildiyinə görə bizim hər birimiz üçün çox vacibdir. Bu paradda Birinci Qarabağ Müharibəsində iştirak edən kantingentin də məhdud sayda iştirakı gözləniləndir. Təbii ki, bu mötəbər tədbirdə müharibə dövründə davamlı olaraq Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Onunla bərabər buraya təşrif buyuracaq hərbçilərin də iştirakı mümkündür”.