"Qartal" ləqəbli Vətən Müharibəsi Qəhrəmanı - FOTO

ÖLKƏ
19:15 / 10.12.2020
1313

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupuna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Yüksək dövlət mükafatı ilə təltif olunanlar arasında şəhid polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlunun da adı var.

Yenisabah.az xəbər verir ki, Ramiz Cəfərov əslən Masallı rayonundandır, atası Sübhan Cəfərov Masallının Ağakişibəyli kəndindəndir.

Xüsusi təyinatlı polkovnik-leytenant Ramiz Cəfərov Vətən müharibəsində hərbi hissə komandirinin müavini kimi həmişə ön sırada olub, əsgərləri ilə çiyin-çiyinə döyüşüb. Göstərdiyi şücaətə görə ona "Qartal" ləqəbi verilmişdi. Onun son döyüşü isə Şuşada olub. Ömrünün 28 ilini Vətənə xidmətə həsr edən Ramiz Cəfərov elə Vətən yolunda da şəhid oldu...

Ramiz Cəfərov 1973-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan və Azərbaycan Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün minlərlə milli zabit heyətini yetişdirən Ç.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbin (1988-1992) məzunu olub.

O, fiziki hazırlığı, bilik və bacarığı çox yüksək səviyyədə olan bir zabit idi. Rusiyanın Ryazan şəhərində desant məktəbində, daha sonra isə Bakıda ali hərbi məktəbdə təhsil almasına baxmayaraq, daim öz üzərində çalışan hərbçi kimi yaddaşlarda qaldı.

İgid döyüşçümüz Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib və hər zaman yüksək nailiyyətlərinə görə mühüm vəzifələrə layiq görülərək komandanlıq tərəfindən qiymətləndirilib. Rusiya və Türkiyədə keçirilən təlimlərdə iştirak edən və peşəkar hərbçi idi. Sadəlik və təvazökarlıq da ona ən xas olan xüsusiyyətlər idi.

Ramiz Cəfərov Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara qatıldı. Şuşa şəhərində gedən döyüşlərdə nümunəvi igidlik göstərərək şəhid oldu.

O, Ryazanda şəhid generalımız Polad Həşimovla bir yerdə oxuyub. Bakıdakı İkinci Fəxri Xiyabandakı məzarları da qonşudur.

İgid döyüşçümüz ikisi əkiz olmaqla 5 uşaq atası idi. (4 qız, bir oğlan). Sumqayıt şəhərində yaşayırdı.

Dekabrın 10-u, Bakıda Qələbə paradı keçirilən gün Ramiz Cəfərovun 46 yaşı tamam olur. Cəsur döyüşçümüz Böyük Qələbənin sevincini yaşamasa da, bu sevinci milyonlara bəxş etdi. Ramiz kimi zabitin ordu sıralarında yeri daim görünəcək... (Azərtac)


0