Azərbaycan hərbi qulluqçuları Ağdam rayonunda minaya düşüblər.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin HİT.Az-a verilən məlumata görə, 2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüb.
Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıb.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik.