Şəhid “Mixaylo”nun sükutu, korellanın nəğməsi, parada gələn ağ durnalar... - REPORTAJ

ÖLKƏ
15:13 / 14.12.2020
9142

O gün Azadlıq meydanı adına layiq süslənib-bəzənmişdi. Bayraqlarımız bu müqəddəs meydanda qürurla dalğalanırdı, Şuşada dalğalandığı kimi...Zəfər paradına hazırlıq görülürdü. Mən də o zəfəri qanı ilə qazananlardan biri, “Mixaylo” ləqəbli kəşfiyyatçı Mixail Həmidovun ailəsi ilə görüşmək üçün evlərinə gedirdim. 

Mixailin atası Hamlet sovet vaxtı Almaniyada hərbi qulluq keçib. Əsgərlik müddəti başa çatandan sonra qalıb Almaniyada, sovet ordusunun tərkibində hərbiçi kimi xidmət göstərib. Arada gəlib vətənə, evlənib və xanımı Nüsrəti də götürüb, qayıdıb xidmət etdiyi hissəyə.

Potsdamda hərbi şəhərcikdə yaşayırmışlar. 1983-cü ildə ilk oğul övladları da orda dünyaya gəlib. Qızı isə Baltik sahillərində. Hərbiçinin həyatı belədir, övladın hərəsi müxtəlif yerlərdə doğulur, amma hərbiçinin vətəni bir olur - vətən üçün doğulur.

Oğullarının adını Mixail qoyurlar. Düşündüm ki, yəqin sənədlər rus dilində yazıldığından Mikayılı Mixail yazıblar. Anası da belə dedi. Bayaqdan verdiyim sualların hamısını anası Nüsrət xala cavablandırır. Atası Hamlet başıaşağı oturub, susur, günahkarmış kimi... Bir  ifadə var dilimizdə - elə bil aranı dağa, dağı arana daşıyır...

İndi ananın sözlərinə dərhal düzəliş etməklə söhbətə qoşulur ki, yox, öz dostumun adını qoymuşdum ona: “Milliyyətcə rus olan dostumla hərbi təhsil illərində bir yerdə qalırdıq, sonra o səhhətində yaranan problem ucbatından hərbidən getdi, yollarımız ayrıldı. Oğlumun adını onun şərəfinə qoydum” – deyib, yenə öz “aranına-dağına” qayıdır.

İşi ilə əlaqədar iki il Baltikyanı ölkələrdə yaşayıblar, sonra yenə qayıdıblar Almaniyaya.

Sovet ordusu Almaniyadan qayıdanda Hamlet dayı da Bakıda yaşamağa qərar verib. Mixailin 1-ci sinfə getdiyi vaxta Bakıda yerləşiblər. Mixail Suraxanı rayonu 278 saylı məktəbə 1-ci sinfə gedib. 

Anası deyir ki, oxumamış alim idi Mixail: “İstənilən texnikanı elə bil əli ilə yığmışdı, sökürdü, düzəldirdi. Videonu qoşmağı ondan soruşardıq, hələ balaca yaşlarından bilirdi. Almaniyada mən bişirən sıyığı yemirdi, gedib əsgərlərin yeməkxanasında bişiriləni iştahla yeyirdi. Deyirdim, niyə gedib orda yeyirsən, evdəkini yemirsən? Deyirdi, ordakı daha dadlıdır. Əsgər həyatına meyilli idi uşaqlıqdan. O həyatı görmüş adam kimi, istəmirdim hərbiçi olsun, amma nə qədər çalışdıq, dedi yox, mən hərbiçi olacam. Məktəbdə müəllimlərlə mübahisə edirdi, onun üstündə qiymətini salırdılar aşağı, yenə öz dediyini yeridirdi. Çox prinsipial idi. Əməlləri də düz olardı. Heç vaxt bizi incitməyib. Adamı da elə yandıran odur. Qəlbimizi qırmayıb, anayam, danlamışam, başını qaldırıb üzümə baxmayıb. Evdə yaşlı baba-nənə olub, onlara qarşı çox diqqətli idi. Elə yoldaşına qarşı da” - deyə, gözlərinin işarəsi ilə bayaqdan kənarda oturub məzlum-məzlum baxan qızı göstərir. Bayaqdan onun haqqında ya balaca bacısı, ya da qonşu uşağıdır -  düşündüyümdən utanc keçirdiyimi büruzə vermədən sualı Qiymət xanıma  ünvanlayıram:

- Bəs necə oldu ki, yolun yarısında sevdiyi işi buraxıb, mülkü həyata qayıtmağa qərar verdi?

- Bizə görə. Qızımız olmuşdu. Salyanda hərbi hissədə işləyirdi. Orda ailənin qalması üçün şərait yox idi, həm də mən burda işləyirdim, ayrı düşmüşdük. Yollarda qalmışdı, səhhətində də bir az problem yaranınca hərbidən ayrılmağa qərar verdi.

Onları birləşdirən də hərbi olub. Qiymətlə Mixaili. Qiymət Ali Hərbi Məktəbdə operator işləyir. Mixailin bitirdiyi məktəbdə. Onu da deyim ki, 278 saylı məktəbdə ibtidai sinifləri bitirəndən sonra Mixail 1991-2001-ci illərdə Səbail rayonunun F. Tağıyev adına 72 nömrəli məktəb-liseyində təhsil alıb.

2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olub. 2005-ci ildə ali hərbi təhsilini bitirib, kəşfiyyatçı kimi 6 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə leytenant rütbəsində xidmət edib. Yaxşı futbol oynamağı olub. Həvəskar komandaların futbol yarışlarında təltifləri, tərifnamələri də var. Mülkü həyatda da futbolu buraxmayıb, həftədə üç dəfə sevimli oyunu ilə məşğul olarmış.

Bir də ordunun 90 illiyində onu da zabit kimi mükafatlandırıblar. Təltifləri arasında o da var.

2011-ci ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından tərxis olunub. Rus, ingilis və erməni dillərini bilirdi. İstənilən halda, hazır zabit idi Mixail. Ali Hərbi məktəbdə kursant dostları ona Mixail yox, “Mixaylo” deyirmişlər, kəşfiyyatçı, düşmənin dilini bilən “Mixaylo”.

Orta məktəb illərində də yaxşı oxuyub. Məktəb yoldaşlarının dediyinə görə, riyaziyyatı əla bilib. Deyiblər ona ki, səndən yaxşı riyaziyyatçı olar, iqtisadçı olar, əl çəkməyib öz fikrindən. Hərbidən çıxandan sonra bank sektorunda işə düzəlib.

Görünür, orta məktəbdə yaxşı oxumağı bir balaca təkrarlamaqla imtahanları uğurla verməyinə zəmin yaradıb. 

2 il sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub və 2015-ci ildə oranı biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışırdı. Son illər "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru işləyirmiş.

Hərənin bir qisməti var. Hərbidən ayrılıb ki, ailəsi ilə bir yerdə olsun, tale elə gətirib ki, yenə bir yerdə ola bilməyiblər. Xanımı və uşaqları Bakıda, özü Mingəçevirdə işləyirdi. Hər şənbə-bazar Bakıya gəlirdi. Tətildə, bayramda, xanımı analıq məzuniyyətində olanda onları da götürüb, Mingəçevirə gedirmiş. Belə davam edirmiş həyat.

Vətən müharibəsi başlayanda ehtiyatda olan xüsusi təyinatlı Mixail Həmidova bank işçisi kimi deyil, zabit kimi ehtiyac olub.

Bakıdan valideynləri, ailəsi Mingəçevirə onu yola salmağa gediblər. Oktyabrın 7-də Mixail yollanıb vətənin çağırışına.

Oktyabrın 22-i xanımının doğum günü imiş.  Nüsrət xala danışır ki, dedim, tort alaq, ad gününü qeyd edək, gəlin razı olmadı, dedi Mixail qayıdandan sonra: “İşdən gələndən çox pis halda idi, dedi iş yoldaşlarımızdan şəhid olan var, bu gün gətirdilər”.

Gecə Mixail zəng edib, anası ilə, xanımı ilə danışıb. Anasına uşaqları əmanət edib. Hər halda, indi anası bunu belə qəbul edir ki, etdiyi söhbətlər əslində uşaqları, ailəsini ona tapşırmaq, əmanət etmək mənası daşıyırmış: “Açıq deyə bilmədiyindən, üstüörtülü deyib, indi anlayıram. Ana, sən güclüsən, möhkəmsən, uşaqlardan muğayat ol - dedi”.

Atasına isə - bəlkə də son əməliyyata gedirəm –deyib: “Hara getdiyini bilirdi, heç nə demədi bundan başqa”. 

Məhəllədə həmyaşıdları ona atamız deyirmişlər. Atası deyir bu fikri öz liderlik qabiliyyəti ilə qazanmışdı: “İstənilən məsələdə ondan məsləhət aldıqları üçün. Hər daxili tədbirdə, idman oyunlarında onun kollektivçi, təşkilatçı olmağı, idarə etmək qabiliyyəti qazandırmışdı o adı”.

Xanımı ilə o gecə danışmaqdan çox susub. Yalnız doğum gününü təbrik edib və susub: “Mixail zəng elədi, mənim üçün ən böyük hədiyyə idi ki, odun-alovun içində yadına düşmüşəm, sağ-salamatdır, səsini eşitdim, bəsimdir. O da ancaq susdu telefonda. Son zənglərində o ordan susurdu, mən də burdan...”

Oktyabrın 23-də səhər saat 8-də atasına zəng gəlib... qara zəng deyimmi, bilmirəm.

Saat 10.00-da daha bir zənglə onun nəşini hardan götürə biləcəklərini deyiblər. Füzuli istiqamətində beş saat ardıcıl döyüşün qızğın yerində qəlpə yarası alıb Mixail. Arxaya xəbər gəlib ki, komandir yaralanıb, atəş altından çıxarınca qanaxmadan dünyasını dəyişib.

Dostu Mahmud Həmidov deyir ki, Mixail xeyirxahlıq, yardım üçün özünü qabağa atan adam idi: “Çox da qayğıkeş , dost üçün, qardaş üçün, övladı, ətrafı üçün fədakarlığa hazır olan adamdı. İmkanı çatdığı qədər yardım edəndi, elə bil xeyriyyə tədbiri olmazdı ki, Mixail ona qoşulmasın. Onun necə insan olduğunu izah etmək üçün bəlkə də, sözün gücü çatmaz, bütünlüklə müsbət idi, onu ancaq tanımaq lazım idi. Uşaqlıqdan tanımışam, həmişə bir yerdə olmuşuq, bu gün həyatımda böyük bir boşluq var. Hər zaman yaxşı izi qalacaq həyatda”.

Qəhrəman Məmmədovla isə Mixail bir yerdə imtahan verib işə qəbul ediliblər: “Çox fəal, həm insanlığı, həm də işgüzarlığı ilə seçilən idi. Harda olsa görünərdi, çünki istənilən məsələyə fərqli münasibəti vardı. Ayrı-ayrı filiallarda işlədiyimiz dövrdə də onunla hər gün ən azı bir dəfə telefonla danışırdıq. Müzakirə edir, işlə bağlı fikir mübadiləsi edirdik. Hər filial direktoru onun kimi deyil, bir-birimizin fikrini göydə tuturduq. Fərqli fikirləri, yanaşmaları, ideyaları ilə seçilirdi. Hərtərəfli və geniş əhatəsi olan şəxs idi. Elə bir sahə yox idi ki, orda Mixailin dostu, tanışı olmasın. Ona görə də istənilən problemi asanlıqla həll edirdi. Mixail şəxsən mənim üçün ağır itkidir. Döyüşlərə qatılandan da hər gün danışırdıq. Çox danışa bilmirdik, kəşfiyyatçı idi, amma bir dəfə yüngül yaralanmışdı, yardım alıb yenə döyüşlərə qatıldı. Həmin döyüşdə silahdaşları şəhid olmuşdu, qanı qara idi. Şəhid olduğu gecə danışmışdıq. Səhər şəhid xəbərini eşitdim”.  

Mixailin iki qızı, bir oğlu var – Mədinə, Yusif, Mələk. Mən onlarda olan gün Mələyin ad günü idi, 6 yaşı tamam olurdu. Arzuladığı bütün hədiyyələri ona almışdılar... O isə atasından gözləyir... Yusif də oktyabrın 13-də “gedək ad günümü Mingəçevirdə ata ilə qeyd edək” - deyib...

Yusifin dili yox, gözləri danışdı mənimlə... Bilir, hər şeyi çox yaxşı bilir.

Atasının da doğum günü dekabrın 18-dir. Qayıdacaqdı, ailəlikcə yığılıb qalan ad günlərini qeyd edəcəkdilər...

Babası Yusifi bir təskinliklə sakitləşdirir. Deyir ki, Mixail mənim etməli olduğumu etdi, etdi ki, sənə qalmasın o problem.

Bayaqdan söhbətimizi mətbəxdə qəfəsdən korellanın cəh-cəh vuran nəğməsi müşayiət edir. Durub quşlara tərəf baxıram, yoldaşı marağımı duyur. “Mixailin quşlarıdır”  - deyir: “Böyük qızımıza ad günü hədiyyəsi almışdı. İki quş idilər, sonradan 4 balaları da oldu. Qıza almışdı, amma özü baxırdı, işə gedəndə gün ərzində ona nə verməli olduğumu tapşırıb, gedirdi. Balıq saxlayırdıq bir vaxt, sonra Mingəçevirlə Bakı arasında qaldıq, baxa bilmədik balıqlara, tələf oldular. Quşları isə qəfəsdə aparırdıq özümüzlə, hara getsək. Bir gün ailəvi qonaq getmişdik həyət evləri olan bir dostumuzgilə. Uşaqlar futbol oynayanda top dəydi qəfəs aşdı, qapısı açıldı, korellalar uçdular. İkisi qayıtdı, dördü qayıtmadı, həmişə qayıdardılar yuvalarına, görünür, yad yerdə olduqlarından azdılar...”

Çıxhaçıxda Yusifdən soruşuram ki, kim olacaqsan böyüyəndə? “Hərbiçi” - deyə cavab verir.

Cənnət qoxulu bu evdən çıxıram, amma təəssüratdan çıxa bilmirəm - korellaların nəğməsi fonunda Yusifin “hərbiçi olacam” - deməsi hələ də qulaqlarımda səslənir...

Ol, Yusif, azad, bütöv Azərbaycanın məğrur zabiti ol...

10 dekabr-Zəfər paradı keçirilən gün Azadlıq meydanı par-par yanırdı, elə bil qalib bayraqların şöləsi çöhrələrə düşmüşdü... Bakının səması da o gün bir başqa idi, mas-mavi ənginlikdən bir neçə dəfə o tərəf - bu tərəfə bəmbəyaz durna qatarı keçdi - parada çıxmış kimi...  Çox məşhur mahnının sözlərini xatırladım:

Onlar ağ durnalara çevrilib

vətən göylərindən

səsimizə səs verirdilər...

 

Ramilə Qurbanlı, Lent.az

 

0