Vətən müharibəsində son nəfəsinədək döyüşən və Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilən qəhrəman zabitlərimizdən biri də 25 yaşlı leytenant Zaur Hüseynovdur.
"Report”un Cənub Mərkəzinin əməkdaşları şəhidin doğulub böyüdüyü Masallı rayonunun Hişkədərə kəndindəki evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olublar
Hüseynov Zaur Vaqif oğıu 1995-ci il iyunun 24-ü Masallı rayonu Hişkədərə kəndində dünyaya göz açıb. Ailənin iki oğlan övladından biri olan Zaur 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 2014-cü ildə liseyi bitirib və həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul edilib. Burada hərb sənətinin sirlərinə yiyələnən zabit Z.Hüseynov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidməyə başlayıb. Onun hərbi hissəsi Ağcabədi rayonunda yerləşirdi.
Vətən müharibəsi zamanı Füzuli rayonunun Alxanlı kəndi istiqamətində düşmənin 7 postunun alınmasında fəal şəkildə iştirak edən leytenant Z.Hüseynov hələ iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olub. Ailə üzvlərinin sözlərinə görə o, heç vaxt döyüşdə olduğunu evdəkilərə bildirməyib ki, narahat olmasınlar.
Şəhidin anası oğlu Zaurla qürur duyduğunu, onun əsgərləri üçün komandir yox, böyük qardaş oldyuğunu, ailəsi üçün də mərd, cəsur oğul olduğunu fərəhlə dilə gətirir. Şəhid zabitimizin qısa ailə həyatından yadigar qalan bir yaşlı qızı Zeynəb ailənin təsəlli yeridir.
Şəhid leytenant Zaur Hüseynov ötən il Qurban bayramına gələndə Yardımlı rayonunda şəhid hərbçi yoldaşının ailəsinə baş çəkib. Şəhidin 6 aylıq körpəsinin atasız qalması ona çox pis təsir edib. Lakin bilmirdi ki, bir müddət sonra eyni taleyi onun da övladı yaşamalı olacaq.
Bu səbəbdən döyüş yoldaşlarına son sözü: "Zeynəbimi həmişə axtararsız".
44 günlük haqq savaşımızda Hişkədərə kəndinin dörd igidi şəhid olub. Hər birinin xatirəsi önündə baş əyirik. Vətən sağ olsun!-deyirik.