Şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi - FOTO

ÖLKƏ
17:39 / 18.12.2020
938

44 günlük Vətən müharibəsində şəhid olan baş leytenant Babaşov Bayram İlqar oğlu Cəlilabad rayonunda dəfn edilib.

Şəhidlə doğulduğu Günəşli kəndindəki evində vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb. B.Babaşovun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulub.

Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan kəşfiyyatçı-zabitin nəşi bir neçə gün öncə tapılıb. Ailəsinin onunla sonuncu telefon danışığı sentyabrın 29-da olub. O vaxtdan bəri Bayramla əlaqə saxlamaq mümkün olmayıb.

Döyüş yoldaşlarının sözlərinə görə, Kəlbəcərdə əsgərlərini mühasirədən çıxarmaq üçün üç saat təkbaşına döyüşən, 30-dan çox düşməni məhv edən bölük komandiri, baş leytenant Bayram Babaşov oktyabrın 2-də şəhid olub. Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub.

Şəhid zabitimiz ailəli idi, 3 yaşlı bir oğlu var.

0
Oxu.az