Korona xəstələrinin adı niyə 14 gün sonra sistemdən çıxarılır?

ÖLKƏ
09:46 / 19.12.2020
820

TƏBİB adı koronaviruslu xəstə kimi elektron məlumat bazasına daxil edilən şəxslərin test nəticəsinin pozitiv aşkarlandığı tarixdən 14 gün sonra sistemdən avtomatik çıxarılması məsələsinə aydınlıq gətirib.

Qeyd edək ki, COVİD-19 virusuna yoluxmuş şəxslərin sağalma müddəti fərqli ola bilər. Bəzi şəxslər 14 günədək sağaldıqları halda, bəziləri üçün bu müddət daha uzun - 14 gündən çox ola bilər.

Hazırda vəziyyəti yüngül, orta olan, eyni zamanda xəstəliyi asimptomatik keçirən xəstələr ev şəraitində müalicə olunur. Buna görə də yalnız ev şəraitində müalicə olunan xəstələrin adları 14 gündən sonra avtomatik olaraq sistemdən çıxarılır və sağlam insan hesab edilirlər:

"Sistemdən çıxarılmamışdan əvvəl xəstədən test müayinəsi götürülmür. Əgər kimsə özünün tam sağalmadığını güman edirsə, özündə şübhəli simptomlar müşahidə edirsə, o zaman ödənişli əsasla yenidən test verə bilər".

TƏBİB-dən o da bildirilib ki, xəstəxana şəraitində müalicə olunan xəstələr test nəticəsi neqativ çıxdıqdan, yəni sağaldıqdan sonra evə buraxılırlar. Onlar xəstəxanadan evə buraxılana qədər sistemdə koronavirus xəstəsi kimi qeyd olunur və müşahidə altında saxlanılırlar.

1
Modern.az