Ordumuzun təhcizatı necə həll edilməlidir? - Ekspert təkliflər verdi

11:55 / 20.12.2020
942

"Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 241,1 milyon manat, xərcləri isə 22 162,7 milyon manat təşkil edib. Son nəticədə büdcədə 78,4 milyon manat qalıq yaranıb. Deməli, ordunun təchizatında yaranmış problem maliyyə resursları ilə əlaqəli deyil. Onda problem daha çox idarəetmə və insan resursları ilə bağlıdır".

HİT.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu azad olunmuş ərazilərdə Azərbaycan əsgərlərinin təhcizatında yaranmış problemləri şərh edərkən bildirib. Onun sözlərinə görə, dövlət çevik şəkildə bu problemləri aradan qaldırmalıdır: 

"Azərbaycan ordusunun dislokasiyası genişlənib, hazırda əsgər və zabitlərimiz Ermənistanla sərhədləri qorumaqla yanaşı, işğaldan azad edilmiş bütün rayonlarda gecə-gündüz torpaqlarımızın keşiyində durur. Yeni ərazilərdə məskunlaşma çox çətin iqlim şəraitdə və mürəkkəb relyefdə baş verir. Ön cəbhədən gələn məlumatlara, sosial şəbəkələrdə yayılan edilən videolara görə, əsgərlərimizin yaşayış təminatı, ərzaq və qeyri-ərzaq təchizatında çətinliklər var. Bu çətinliklərin öhdəsindən gəlmək üçün təklif edirəm: 

1. Aidiyyatı dövlət orqanları köhnə qaydalarla deyil, yeni və daha çevik idarəetmə üsulları ilə işləməlidir.

2. Bu sahədə görülən işlərə dair Prezident müdafiə və milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarının rəhbərləri ilə qapalı müşavirə keçirməli, mövcud durumu dəyərləndirib, müvafiq tapşırıqlarını verməli, təxirəsalınmaz tədbirlər üçün dövlət komissiyası yaradılmalıdır.

3. Özəl bölmə hərbidə mülki təchizat işlərinə cəlb edilməlidir, onların dəstəyi ilə daşına bilən və sanitar qovşağı ilə təchiz olunmuş evlər, yataq və geyim dəstləri, yanacaq materialları, dərman və tibbi ləvazimatlar, ərzaq və qeyri-ərzaq məhsulları planlı və sistemli şəkildə işğaldan azad olunmuş ərazilərdə formalaşmış yeni hərbi hissələrə çatdırılmalıdır. 

4. Arxa cəbhədə əsgərlərə yardım kampaniyası davam etdirilməli, evlərdə əsgərlər üçün isti əlcək, corab, papaq, şərf və digər zəruri geyim vasitələri hazırlanmalıdır. 

5. Hər bir səviyyədə (dövlət, sahibkar, bələdiyyə, ictimai birliklər, vətəndaşlar) şəhid, qazi, əsgər ailələrinə mənəvi diqqət və sosial qayğı artırılmalıdır.

0