Dəbdəbəli evdə gizlənən erməni polkovnik hərbçimizlə üz-üzə gəldi və... - Hadrutda şok anlar

ÖLKƏ
09:43 / 21.12.2020
4781

“Milli Qəhrəman Şükür Həmidov yaralananda ilk sözü bu olub ki, mənim igidimi vurdular. Birdən onun nəşini ermənilər aparar, tez gedib onu oradan götürün”.

Vətən müharibəsində canından keçən Azərbaycan igidlərindən biri Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyevdir. O, göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.

Azvision.az-ın əməkdaşı şəhidin ailəsinə baş çəkərək, onun anası və həyat yoldaşı ilə həmsöhbət olub.

Şəhid anası Xalidə Quliyeva Ağdamdan məcburi köçkün düşdüklərini deyib: “Şəhriyar iki oğul övladımdan biri idi. Ağdamdan çıxanda iki yaşı var idi. Köçkünlüyün ilk illərində Sabirabadda, Yevlaxda yaşadıq. Sonra Sumqayıta köçdük. O, ermənilərin bizə yaşatdığı bütün bu zülmləri görə-görə böyüdü. Ona görə də həmişə hərbçi olmaq və qisas almaq istəyirdi. 2007-ci ildə əsgərliyə gedəndən sonra dedi ki, kursa yazılacaq. Nə qədər çəkindirsək də, bu işin ağırlığını anlatsaq da, vaz keçmədi. 13 il ərzində bir dəfə şikayət etmədi ki, mənim işim ağırdır. Xüsusi Təyinatlı Qüvvələrdə 10 işləyəndən sonra qüsursuz xidmətinə görə ona medal verdilər. Gürcüstana dağçılıq təliminə getdi, Türkiyədə təlimlərə qatıldı. Oradan medalla qayıtdı. Həmişə deyirdim ki, bu iş çətindir, çıx. Deyirdi, nə danışırsan, ana, mən sona qədər bu işdə olacağam və axırda torpaqlarımızı alacağam.

Müharibə başlamamışdan 3-4 gün öncə dedim: “Şəhriyar müharibə olsa, siz bu torpaqları geri qaytara biləcəksiniz?”. Üzümə baxıb dedi, “əlbəttə, erməni kimdir ki”. Sonra da iki uşağını göstərib əlavə etdi ki, Qarabağ probleminin həllini uşaqlarına saxlaya bilməz. Qoy dərdimiz bir dəfəlik qurtarsın.

Müharibəyə gedəndə də demədi. Bircə kəlmə təlimə qatılacağını bildirdi. O, 27 gün Horadizdə, Füzulidə, Cəbrayılda, Qubadlıda döyüşdü. Füzulidə, Cəbrayılda bayraq asdı.

Zəng edib deyirdi ki, “ana, bura gələndən döyüş həvəsimiz daha da artıb. Bizə qüvvət gəlib. Xocalıda nə qədər qırğın olmuşdusa, bizə qarşı vəhşilik edilmişdisə, hamısının qanını aldıq. Allah qoysa, qələbə ilə gələcəyik”.

Qubadlıda oktyabrın 20-si çox ağır döyüş olub. Yaralı əsgərin birini çıxarıb, ikincini aparanda snayperlə Şəhriyarı vurublar, elə ordaca keçinib. İki gündən sonra onun nəşi gəldi. Mənə demişdilər ki, yaralanıb, qapını açanda tabut gördüm…Vətən sağ olsun”.

Pərvin Quliyeva ilə Şəhriyar 5 il idi ki, ailə qurmuşdular. Onların iki oğul övladı var. Şəhidin xanımı deyir ki, həyat yoldaşı ailəcanlı, vətənpərvər ruhlu insan olub.

Azvision.az-ın əməkdaşı şəhidin ailəsinə baş çəkərək, onun anası və həyat yoldaşı ilə həmsöhbət olub.

Mən qürur duyuram ki, igid bir oğlanın həyat yoldaşıyam. Vətənini canından üstün tutdu. Arada zarafat da edirdi. Deyirdi, erməni silahının lüləyi əyridir, heç biri bizə dəymir.

Şəhriyar Aprel döyüşlərində də iştirak etmişdi. Mən onda hamilə idim. Aprelin 6-sı oğlum dünyaya gəldi. Haradansa həkimin nömrəsi tapıb mənimlə əlaqə saxladı. Dedi, güclü ol, sən mənim yoldaşımsan. Evə gəlib uşağı qucağına alanda əli əsirdi. Şükür edirdi ki, balamı görə bildim. Döyüş yoldaşları danışır ki, Şəhriyar bizi qabağa çəkirdi ki, irəli gedək”.

Şəhidin anası Xalidə Quliyeva oğlunun tək hərbçi kimi deyil, eyni zamanda bir qarabağlı kimi vətənin müdafiəsində durduğunu bildirib.

“Deyirdi, qoy deməsinlər ki, sən qarabağlısan, amma arxada qalırsan. Mən ağdamlı kimi döyüşürəm. Döyüşçü yoldaşları danışır ki, haradasa 150-dən çox erməni hərbçisini, xeyli texnikalarını məhv edib .

Hadrutda su axtarmağa gediblər, 3 gün ac qalıblar. Orada qəşəng bir ev və oradan çıxan erməni polkovniki görüblər. Şəhriyar onun arxasınca düşüb, polkovniki də, yanındakı iki hərbçini də öldürüb. Sonra əlində bir yekə bağlama yeməklə geri dönüb. Yoldaşlarına verib ki, yeyin, güclənin irəli gedək. O, bölüyün komandiri yox, atası idi.

Şükür Həmidov yaralananda xəstəxanaya aparıblar. Orada ilk sözü bu olub ki, mənim igidimi vurdular. Birdən Şəhriyarın nəşini ermənilər aparar, onu tez gedib ərazidən götürün. Nəşi neytral zonada qalmışdı, ona görə götürə bilmirdilər. Həmin hissəyə iki əsgər qoyublar ki, gecə onun meyitini qorusunlar, ermənilər götürməsin. Üç gündən sonra bir müsibətlə meyitini tapıb gətirdilər. Oğlum ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olundu. Bu, bizə qürur verir. İnanırıq ki, belə bir qəhrəman unudulmayacaq. Özündən 4-5 yaşlı balaları nişanə qaldı. Bir dəfə dedim, Şəhriyar, uşaqlara hər şeyi alıb ərköyün öyrətmə. Dedi, ana, biz qaçqın olmuşuq, birini tapanda, digərini tapmamışıq. Zülümlə böyümüşük. Qoy uşaqlar yaxşı böyüsünlər.

Şəhriyar şəhid olan yerə gedib, orada demək istəyirəm ki, can bala, qanın yerdə qalmadı, sənin gəzdiyin yerdə indi balaların gəzir.

Cəbrayıl işğaldan azad olunanda çəkdiyi bir video var. Həmin kadrlara baxanda görəcəksiniz ki, Şəhriyar necə döyüşüb və necə sevinib. Uşaq kimi sevinirdi.

Füzulidə bayrağı sancıb Qədir Rüstəmovun “Sona bülbüllər” mahnısının fonunda çəkiliş etmişdi. Deyirdi, 50 mərmi atdılar, onun biri bayrağımıza dəymədi. Heyif ki, bu günü görə bilmədi”.

Daha sonra xanımı Şəhriyarın döyüş yoldaşlarına sadiqliyindən söz açıb: “Yaralı döyüş yoldaşları deyir ki, bu gün biz ayaqdayıqsa, Şəhriyara borcluyuq. Deyib ki, çörək kəsdiyim yoldaşlarımı yaralı qoyub gedə bilmərəm. Şəhriyar ali zirvədədir”.

1