2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3692,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 455,7 milyon manat və ya 14,1 faiz çoxdur.
HİT.Az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin növbəti ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,9 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 1,1 faiz-bənd çoxdur. ÜDM-ə nisbətən həmin xərclər 4,9 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,4 faiz-bənd çoxdur.
Qeyd edilir ki, son 5 ildə (2016-2021-ci illər) bu xərclər 1047,4 milyon manat va ya 39,6 faiz artıb.
Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldiləcək vəsait 1631,5 milyon manat təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.
Bu vəsait hesabına 1,3 milyon nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının bir hissəsinin maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlətin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il dövlət büdcəsindən 1567,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin mənbə hesabına ümumilikdə sosial müavinət və təqaüdlərin maliyyələşdirilməsi üçün 1065,8 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 72,8 milyon manat və ya 7,3 faiz çoxdur.
Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.
2021-ci ildə ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 257,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 13,6 milyon manat və ya 5,0 faiz çoxdur.
2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.
Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait nəzərdə tutulur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin maliyyə təminatı üçün 37,1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 20,5 faiz çoxdur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə 2021-ci ilin dövlət büdcəsində 48,0 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 11,0 milyon manat və ya 29,7 faiz çoxdur. Ölkədə məşğulluq səviyyəsinin artırılması, işsiz şəxslərin işlə təmin olunması üçün tədbirlər davam etdiriləcək. İri dövlət müəssisələri (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və s.) üzrə yaradılmış 30 minə yaxın iş yerinin 2021-ci ildən Dost İş Mərkəzində təşkili, bu iş yerləri üzrə əməkhaqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.