Hərbi ekspertdən azad olunmuş ərazilərə gedən vətəndaşlara çağırış

ÖLKƏ
14:56 / 22.12.2020
611

"İcazəsi olamayan şəxslər işğaldan azad olunan rayonlara gedib qadağan olunan ərazilərə daxil olacaqlarsa, belə hallar qaçılmaz olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Füzulidə minaya düşən 4 vətəndaşımızın həlak olmasından danışarkən deyib. Ekspert işğaldan azad olunan ərazilərə getmək istəyən vətəndaşlara müraciət edib:

"İmkan verin əsgərin işığı, suyu təmin olunsun, yollar çəkilsin. Füzulidən Şuşaya getmək üçün 8 saat zaman sərf edirik. Biz vaxtımızı bu yolların minalardan təmizlənməsinə və çəkilməsinə itirək, yoxsa qəbiristanlığın və ya dağıdılan evlərin ətrafənın təmizlənməsinə? İndi bütün resurslar əsgərin təminat-təhcizatına yönəlməlidir. Qarşıdan sərt qış gəlir. Bütün binalar və evlər dağıdılıb. Biz bunu görüntülərdən də görürük. Ordumuzun təminat yolları hələ bərpa olunmayıb, istilik, elektrik problemləri mövcuddur. Onların aradan qaldırılması üçün işlər görülüsə də, yenə də işimiz çoxdur. Lakin bəzi vətəndaşlarımız bunu anlayışla qarşılamır və nəticədə ağrılı- acılı sonluq ilə barışmalı olurlar". 

Ədalət Verdiyev deyir ki, yurdlarına icazəsiz gedən insanların qarşısı alınmasa, orada gün ərzində 4 deyil, 4 min nəfər minaya düşər:

"Nəzərə alaq ki, bu əraziyə yalnız hərbiçilər deyil, eyni zamanda təminat-təhcizat maşınları, yardım aparanlar, infrastruktur layihələrini həyata keçirən "Azərsu", "Azəravtoyol", "Azərişıq" və s. kimi təşkilatların nümayəndələri də gedib gəlir. Biz həmin ərazilərə giriş və çıxışı nəzarətdə saxlamaq üçün yeni sərhəd xətti yaradıb minlərlə polisi və əsgəri bu işə cəlb edə bilmərik. Əsas magistral yollarda nəzarət-buraxılış məntəqələri yaradılıb. Lakin kəndlərarası yollar var ki, onun hamısına əsgər, polis düzmək mümkün deyil. Vətəndaşların anlayışla qarşılamaqla həll edəcəyi kiçik problemin çox sayda silahlı qüvvəni bura cəlb etməklə aradan qaldırmaq doğru olmaz. İndi əsas vəzifə sərhədlərimizin bərpasıdır. Hazırda vətəndaşlarımız arasında "kəndimizə mən birinci getdim" şüarı ilə video çəkib paşlayırlar. Biri öz kəndindən girib başqa bir kəndən, ara yollardan hansısa əraziyə baxmağa, yaxud da yaxın qohumunun qəbirini ziyarət etmək adı ilə həmin ərazilərə gedir. Nəticəsi isə heç də ürəkaçan olmur. Buna görə də vətəndaşlarımız minalı ərazilərə icazəsiz girməməlidirlər. Tələsməyək, yəqin ki, yay aylarında gözəl Qarabağımızın əksər ərazilərini hamımız əyani görə biləcəyik ". 

0