Dekabrın 25-də Xankəndidəki otellərdən birinin həyətində qurulan yolka və çadırlarla əlaqədar böyük qalmaqal yaşanıb.
Erməni mediası yazır ki, ciddi dirəniş və etirazlardan sonra onlar artıq sökülür. "Səhər gəlib gördüm ki, burada yolka quraşdırılıb, bunların kim tərəfindən edildiyi aydınlaşdırıldı, sözügedən sifarişi qəbul edən təşkilatın nümayəndələri, eləcə də mer görüşümüzə gəldi. Onlardan xahiş etdik ki, səs-küy salmadan hər şeyi söküb aparsınlar. Yolka artıq götürülüb”,- deyə news.am-ın müxbirinə müsahibə verən Xankəndi sakini Marat Qəhrəmanyan söyləyib.
Vaqram Papazyan Dövlət Dram Teatrının aktyoru, fotoqraf David Qəhrəmanyan həmçinin ona dünən zəng vurub tədbiri pulla çəkməyi təklif etdiklərini, amma bu təklifi rədd etdiyini də bildirib. Məhz o zaman Qəhrəmanyan tədbirin Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın "Mənim addımım” Fondu tərəfindən təşkil olunduğunu öyrənib.
"5 gün əvvəl, bütün bunlar yeni yerləşdiriləndə tanışlarım Anna Akopyanın konsert proqramı hazırladığını söylədilər, amma mən bu məlumatları ciddiyə almadım, onların buna getməyəcəklərini düşündüm. Amma dünən gecə İrəvandan mənə zəng gəldi, dedilər ki, iki günlük konsert olacaq, çəkiliş etməyi təklif etdilər, tədbirin kim tərəfindən təşkil etdiyini soruşdum və Anna Akopyanın adını eşidəndə hər şeyin ciddi olduğunu anladım.
Məgər indi bunun vaxtıdır? İtkin düşən uşaqların valideynləri yas içindədir, indi konsert vaxtı deyil, bu insanların hisslərini təhqir etməkdir. Biz həmçinin Anna Akopyanın buraya gəlməsinində əleyhinəyik, şəxsən özüm buna qarşı çıxacağam ”, - deyə David Qəhrəmanyan bildirib.
Qarabağ erməniləri Facebook vasitəsilə saat 13: 00-da Yeni il tədbirinin keçirilməsi planlaşdırılan "Valeks Garden” otelində mitinq keçiriləcəyini elan ediblər. Onlar bu məzmunda elan yerləşdiriblər: "Anna Akopyanın uşaqlar üçün 26-27 dekabr tarixlərində təşkil edəcəyi Yeni il bayramının əleyhinəyəm. Biz körpələrimizə sizin murdar hədiyyələriniz olmadan da Yeni il bəxş edəcəyik”.