Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkənin bir sıra rayonlarında daha 64 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.
Nazirlikdən verilən məlumata görə, Bərdə rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev iştirak ediblər.
H.Abdullayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların ailə üzvlərinin sosial müdafiəsi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyev tərəfindən şəhid ailələri, eyni zamanda müharibə əlilləri ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Ötən dövrdə onlarla bağlı mühüm sosial proqramlar icra olunur və daim genişlənir. Bununla yanaşı, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri, bu müharibənin iştirakçıları üçün də sosial dəstək tədbirləri həyata keçirilir.
Nazir müavini şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, onların sosial ödənişlərlə təmin olunması işlərini, bu ödənişlərin ötən dövrdə dəfələrlə artırıldığını diqqətə çatdırıb. Aktiv məşğulluq tədbirlərində də onlara üstünlük verildiyini qeyd edib.
H.Abdullayev xüsusilə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi evlərlə təminatı proqramının uğurla davam etdirildiyini və genişləndirildiyini vurğulayıb. Bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə artıq 1350-dək mənzil və fərdi evin təqdim edildiyini bildirib.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri 2020-ci ilin Azərbaycanın tarixinə tarixi Zəfər ili kimi qızıl hərflərlə həkk olunduğunu, xalqımıza bu şanlı qələbəni bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Ordumuzla fəxr etdiklərini bildiriblər. Onlar sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan ardıcıl işlərə, yeni mənzil və fərdi evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.