Qitələri birləşdirən növbəti qatar Bakıdadır - FOTO

ÖLKƏ
16:21 / 26.12.2020
1320

Qitələri birləşdirən növbəti qatar Bakı limanına çatıb.

Bakı Limanından verilən məlumata görə, Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı 26 dekabr tarixində limana çatıb.

Bakı Limanında yükün boşaldılaraq “Beke Ata” fider gəmisinə yüklənməsi 6 saat vaxt aparıb və gecikmədən, operativ şəkildə həyata keçirilib. Yük karvanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir və 1400 ədəd soyuducu daşıyır.

Qeyd olunan qatar Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə hərəkət edərək Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə İstanbuldan Siana yola salınan ikinci ixrac qatarının da operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

Qeyd edək ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limanına 10 dekabr tarixində çatıb.

0