11 aprel 1994-cü ildə Ermənistan separatçıları tərəfindən işğal edilmiş Tərtərin Talış kəndi Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad olundu.
Bu, Talış kəndinin Azərbaycan Ordusu tərəfindən ikinci dəfə azad olunmasıdır.
Xatırladaq ki, daha əvvəl - ilk Qarabağ Müharibəsi zamanı Ordumuz Talış kəndini işğaldan azad etsə də, onu qoruyub saxlamaq mümkün olmamışdı.
Lakin bu dəfə Ordumuzun Suqovuşan qəsəbəsinə (keçmiş Madagiz) və Talış kəndinə gedən yollarda bərpa işləri, “Azərsu”nun əməkdaşlarının yolboyu görünməsi bu ərazilərdə Azərbaycanın möhkəmləndiyini göstərir.
Oxu.Az-ın əməkdaşı Talış kəndində olarkən hərbçilərimizlə söhbət edib.
Onların ruh yüksəkliyi, özlərinə əmin şəkildə xidmət göstərməsi erməni ordusunun bir daha bu ərazilərə burun soxa bilməyəcəklərinə dair bir nümunədir. Vaxtı ilə erməni kənd icrasının nümayəndəliyi olan binada indi mina atan hərbçilərimiz və havadan hücum qoşunlarının hərbçiləri məskunlaşıb.
Onlar Goranboy rayonu ərazisindən bura göndərilmiş hərbi qulluqçulardır. Yarımçıq qalmış tikililər də gözümüzə dəyir. Hərbçilərimizin olduğu ərazidə itlərin olması diqqətimizi cəlb edir. Əsgərlərdən birinin dediyinə görə, bu, ermənilərin itləri deyil. Belə ki, onlar əsgərlərimizlə birgə Goranboyun Tap Qaraqoyunlu kəndindən gəlmiş itlərdir. Bir növ hərbçilərimizə sadiqlik nümayiş etdirərək onlar da Talışa ayaq basıb.
Həmçinin, 1894-cü ildə tikilmiş Müqəddəs Savyor Kilsəsi də hərbçilərimiz tərəfindən dini irs kimi qorunur.
Talış kəndində olan təminat taborumuzun yerləşdiyi yataqxana isə vaxtı ilə ermənilərə məxsus olsa da, indi orda Azərbaycan hərbçiləri qalır.