Evdə keçirə bilmədiyimiz bayramı oteldəkilər təmtəraqla QEYD EDƏCƏK

ÖLKƏ
17:28 / 29.12.2020
1413

Məlum olduğu kimi, Daxili İşlər Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həftəsonu və bayramqabağı ezamiyyə vərəqiylə ailə üzvləriylə birgə rayonlara axın edən şəxslərə xəbərdarlıq edib. Bildirilir ki, həmin şəxslər məlumatlarının “icaze.e-gov.az” portalına daxil edilməsinə baxmayaraq, ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən ərazilərin sərhədlərindəki karantin postlarından buraxılmayacaqlar. 

Bundan əlavə, koronavirus pandemiyasının yayılması ilə bağlı bir çox rayon və şəhərlərarası giriş-çıxışa məhdudiyyət qoyulub, kütləvi tədbir və toplantıların, o cümlədən, bayram şənliklərinin keçirilməsi qadağandır. Görülən tədbirlərə və xəbərdarlıqlara baxmayaraq, paytaxt sakinlərinin rayonlara istirahətə getməsi faktları aşkarlanır. Sosial şəbəkələrdə hotellər tərəfindən bayram günləriylə bağlı özəl paketlər təklif edilir. Hətta sərt karantin rejimi tətbiq olunan rayonlarda belə hotellər öz qapılarını qonaqların üzünə açıblar. 

Maraqlıdır ki, bayramdan hələ 1 ay əvvəl bununla bağlı reklamlara başlayan hotel şəbəkələri, son günlər DİN-in istirahət mərkəzləri ilə bağlı xəbərdarlıqlarından sonra həmin reklamları rəsmi səhifələrindən silməyə başlayıblar. 

“Qafqazinfo” bölgələrdəki hotellərdə vəziyyət, bayram günlərində bron səviyyəsi ilə maraqlanıb. Məlum olub ki, hotellər nəinki rezervasiya sarıdan korluq çəkmirlər, hətta bəzilərində bayram günləri üçün məhdud sayda yer var. Üstəlik, hotellərdə bütün ölkədə qapalı olan hovuzlar, saunalar, hamamlar da açıqdır.

Sərt karantin tətbiq olunan rayonların siyahısında olan Qubada da hotellər bayram günləri müştərilərə xidmət göstərəcək. “Quba Palace” hotelində (keçmiş “Rixos”) dekabrın 31-dən yanvar ayının 5-dək müddətdə dağ mənzərəli standart otağın 1 gün üçün qiyməti 250 manatdır. Bu məbləğə yalnız gecələmə və SPA xidməti aiddir, qidalanma üçün ayrıca ödəniş olunmalıdır. SPA-ya isə qapalı hovuz, sauna, türk hamamı daxildir. Hoteldən verilən məlumata görə, hazırda hotelin ana restoranı fəaliyyət göstərir, lakin pandemiya ilə bağlı restoranda “isveç stolu” tərtib olunub. Hoteldəki digər restoranlar isə fəaliyyətini dayandırıb.

Hotelin koronavirusun ən çox yayıldığı rayonlardan olan Qubada yerləşməsinə gəlincə isə, hotel rəsmisi burada narahatlığa heç bir əsas görmür: “Şəhərin mərkəzi hissəsi karantin zonasıdır, hotelə gələn ərazi isə karantin zonası deyil. Dövlət hotellərin fəaliyyətinə icazə verib. Kimin ezamiyyə kağızı varsa, problem deyil”. 

Həmçinin hoteldən bildirilib ki, bu il şəhidlərimizlə bağlı hər hansı şou-proqramların keçirilməsi planlaşdırılmır.

Qubada yerləşən digər bir oteldə - “Quba Cənnət bağı”nda isə, artıq yerlərin 25 faizə qədəri tutulub. Dekabrın 31-i üçün 2 nəfərlik otağın qiyməti 130 manatdır. Bura ancaq səhər yeməyi və SPA xidməti daxildir. Bu hoteldə də restoran fəaliyyət göstərir, restorandan ancaq hoteldə qalanlar istifadə edə bilərlər. 

Hotelin əməkdaşı deyir ki, fəaliyyətlərinə icazə verilib, amma bunun üçün müəyyən şərtlər var. Bura hotelin restoranında əyləşmək üçün stollar məsafəli şəkildə qoyuluşu aiddir.

Qəbələdə yerləşən “Qafqaz Sport Hotel”i də dekabrın 30-dan etibarən müştərilərin üzünə açıqdır. Bayram günləri hoteldə yer sifarişi iki nəfərlik otaq üçün 192 manatdır. Ödənişə səhər yeməyi və SPA mərkəzi daxildir. Həmçinin qonaqlar hotelin restoranından da rahatlıqla istifadə edə bilərlər.  

“Hotel karantin zonasında yerləşmir. Amma hotelin daxilində maska tələbi var. Doluluq səviyyəsi normaldır”, - hotelin əməkdaşı bildirir. 

Sərt karantin tətbiq olunan Lənkərandakı “Lankaran Springs Wellness Resort” otelində də bayrama özəl qiymətlər göz çıxarır. Burada 31 dekabrdan 2 yanvaradək iki nəfər üçün otağın qiyməti 690 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma, bayram gününə özəl bayram süfrəsi, alkoqollu və alkoqolsuz içkilər, SPA xidmətləri - türk hamamı, hovuz, sauna, idman zalı daxildir. Şou proqram karantinə görə olmayacaq, amma hotelin restoranı işləyir. 

“Doğrudur, Lənkəran karantin zonasıdır. Həm Bakıdan çıxışda, həm də Lənkərana girişdə polis postları var və yoxlama aparılır. Postu keçmək üçün icazə varsa, heç bir problem olmayacaq. Operativ Qərargahın icazəsi ilə hotellər işləyə bilər, fəaliyyətimiz üçün heç bir məhdudiyyət yoxdur. Doluluq çox deyil, hər kəsin icazəsi olmadığına görə sıxlıq az olacaq”.

Buradan da hotel ərazisində maska taxmağın mütləq olduğunu öyrənirik. 

Qusarda yerləşən “Shahdag Hotel and Spa”dan da bildirdilər ki, yanvarın 2-nə çox az otaqlar qalıb. 31-i gecəsi üçün təşkil edilən xüsusi paketə əsasən, iki nəfərlik dağ mənzərəli otaq 680 manat, həyətə baxan otaq isə 650 manatdır. Bu məbləğə səhər yeməyi və şam yeməyi daxildir:

“Yanvarın 1-dən 4-dək isə dağ mənzərəli və başqa otellərə baxan otaqlar müvafiq olaraq 280 manat və 250 manatdır. Bura ancaq  səhər yeməyi və SPA daxildir. Restoran xidməti isə ancaq hoteldə qalan müştərilər üçün açıqdır. SPA xidmətinə hovuz, trenajor zalı, türk hamamı, sauna daxildir. Doluluq səviyyəsi o qədər çox deyil, amma var”.

Qusar sərt karantin zonası olmadığından qeydiyyat şöbəsindən bildirilir ki, ezamiyyə kağızı varsa, hotelə rahat gəlmək olar. Həmçinin bu il hoteldə ənənəvi yeni ilə özəl proqramlar yoxdur. Şam yeməyi bufet şəklində olacaq və hotel ərazisində maska məhdudiyyəti var.

“Shamaxi palace” hotel də bayram günləri qonaqlarını qarşılayacaq. Bu hoteldə də müştərilərə bayrama özəl paketlər təklif olunur. Belə ki, bayram günləri 31 dekabr – 2 yanvar arası iki gecəlik qiymət 564 manatdan başlayır. Bura yalnız səhər yeməyi və SPA xidmətləri daxildir. Otelin restoranları da əvvəlki qaydada fəaliyyət göstərir. Bayram şou proqramı burada da olmayacaq. 

“Spa xidmətinə sauna, hamamlar, hovuz  və idman zalı daxildir. Masaj xidmətimiz də var, amma bunun üçün ayrıca ödəniş olunmalıdır. Şamaxı sərt karantin zonası deyil, SMS icazə yoxdur. Kimin ezamiyyə kağızı varsa, gələ bilər. Hotel ərazisində maska taxılması vacibdir”.

Şəki rayonunda yerləşən “Marxal Resort and SPA” hotelindən isə karantinlə əlaqədar işləmədiklərini bildirdilər. Bu, bronla bağlı imtina aldığımız yeganə hotel idi. 

Görünən odur ki, müştərinin sərt karantin tətbiq olunan ərazidən gəlməsi hoteli narahat etmir, əsas olan ezamiyyə kağızı ilə postları keçə bilməkdir. Bir sözlə, sərt karantin zonasında yaşayan, restoran və kafelərin yerində xidmətindən, hovuz-hamam xidmətlərindən aylarla istifadə edə bilməyənlər hotellərdə rahatlıqla kafelərdə yeyib-içə, hovuz-saunalarda dincələ bilərlər. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə bu il dekabrın 14-dən 2021-ci il 18 yanvaradək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Yalnız Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən fəaliyyət sahələrində çalışan şəxslər xidməti vəsiqə əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.

0