DSX İrandan Azərbaycana narkotik keçirənləri saxladı - FOTO

ÖLKƏ
15:30 / 30.12.2020
948

29 dekabr tarixində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi üzrə xidməti təşkil edən sərhəd gözətçi gəmisi tərəfindən Neftçala rayonunun Həsənabad kəndi istiqamətində 2 üzmə vasitəsi müşahidə olunub, tanınma üçün zəruri tədbirlər həyata keçirilərək hər birində 2 nəfər heyət üzvü olan “Bayda” tipli üzmə vasitələri olmaları müəyyən edilib. 

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayan şəxslər üzmə vasi­təsinin sürətini artıraraq ərazidən şərqə doğru uzaqlaşmağa cəhd edib, əlavə iki sərhəd gözətçi gəmisinin cəlb olunduğu axtarış-təqibetmə əməliyyatı nəticəsində baydalar sahil nəzarəti böl­mələri ilə qarşılıqlı əlaqədə saxlanılıb.

Qeyri-qanuni olaraq baydalarda rejim sularına çıxmış şəxslərin Neftçala şəhər sakinləri - 1982-ci il təvəllüdlü İsayev Taleh Tahir oğlu, 1977-ci il təvəllüdlü İsayev Rahim Tahir oğlu, Neftçala rayonunun Bankə qəsəbəsinin sakinləri - 1977-ci il təvəl­lüdlü Nağıyev Sulduz Ayaz oğlu və 1977-ci il təvəllüdlü Əliyev Xəyyam Bəxtiyar oğlu olmaları müəyyənləşdirilib.  

Həmin gün sərhəd gö­zətçi gəmisi tərəfindən Neftçala rayonunun Şirvanlı kən­di istiqamətində sutkanın qaranlıq vaxtı üç ədəd kiçik həcmli üzmə vasitəsi aşkar olunub. Sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayaraq sü­rəti artırmaqla cənub-şərqə doğru ərazidən uzaqlaşan üzmə vasitələri təqib edil­ib, hərəkət zamanı həmin üzmə vasitələrindən dənizə qutuya bənzər əşyaların atılması müşahidə olunub.

Qaranlıq hava şəraitində dənizə atılmış əşyaların axtarışı üçün digər sərhəd gözətçi gəmisi cəlb olunub, təqibi davam etdirilən kiçik həcmli üzmə vasitələri cənub-şərq istiqamətində Azərbaycan Respublikasının ərazi sularını tərk edərək müşahidədən itiblər. Naməlum əşyaların atıldığı dəniz sahəsinə baxış nəticəsin­də 60 qutu aşkarlanmış, qutuların içərisində 5 916 blok, hər blokda 10 ədəd olmaqla 59 160 ədəd müxtəlif növ siqaret olduğu müəyyən edilib.

Bununla yanaşı Xəzər dənizinin cənub istiqamətində İran İslam Respubli­kasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb, dəniz istiqamətləndirici nişanına bağlanmış bir ədəd selofan torbanın içərisində ümumi çəkisi 745 qram narkotik vasitəyə (515 qram marixuanaya, 230 qram heroinə) oxşar maddə aşkar edilərək götürülüb.

Qeyd edilən bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0