Vətən müharibəsində dünyaya səs salan qüdrətli ordumuzun igidləri hərb meydanında yeni bir qəhrəmanlıq tarixi yazdılar. Belə qəhrəman oğullarımızdan biri də Əmral Xəmmədovdur. Əmral Xəmmədov döyüşlərdə xüsusi təyinatlı olaraq düşmənə vurulan zərbələrdə şücaət göstərib. Füzuli uğrunda namərd erməni gülləsinə tuş gəlib.
Vətən müharibəsində öz qanı ilə tarix yazan qəhrəmanlarımızdan olan Əmral Xəmmədov 2001-ci il oktyabrın 2-də İmişli rayonunun Çaxırlı kəndində dünyaya göz açıb. Əmral hələ uşaq yaşlarından hərbçi olan dayısının yolunu davam etdirmək arzusunda olub və xüsusi təyinatlı olaraq vətən keşiyində dayanmağı qarşısına məqsəd qoyub. 2019-cu il oktyabrın 2-də 18 yaşı tamam olan Əmral həqiqi hərbi xidmətə yollanıb.
Şəhid Əmralın babası Balamirzə Musayev öz qəhrəman nəvəsinin xatirələrindən indi qürurla danışır: “O, hələ hərbi xidmətə yollanmazdan əvvəl deyirdi ki, dayım kimi xüsusi təyinatlı olacağam və arzusuna da çatdı. Öncə Gəncədə xidmət etsə də, sonradan Cəlilabadda yerləşən xüsusi təyinatlı hərbi hissədə xidmətini davam etdirdi. Hərbi təlimləri uğurlu keçdiyi üçün döyüşlər zamanı xüsusi tapşırıqların yerinə yetirilməsində iştirak edib. Bir çox istiqamətlərdə uğurlu hücumlarda Əmral öz şücaəti ilə seçilib. Tək mənim nəvəm deyil, bütün şəhidlərimizin qanı bahasına azad edildi bu torpaqlar, ona görə cəmi şəhidlərimizlə fəxr edirəm”.
Şəhidin dayısı Xalid Musayev deyir ki, o uşaqlıdan vətənə bağlı olması ilə seçilirdi. Vətən müharibəsində də seçilmişlər sırasında döyüşə girdi. Döyüş başlanan gündən o ən öndə gedənlərdən biri olub. Cəbrayıl istiqamətində yerinə yetirilən tapşırıqlarda iştirakı daha çox olub. Demək olar ki, azad edilən bütün kəndlərdə döyüşlərdə olub. Füzuli istiqamətində tapşırıq yerinə yetirən zaman Əmral və döyüşçü yoldaşları 2 post azad edib, xeyli qənimət ələ keçirib. Daha sonra 3-cü posta irəliləyən zaman Əmral düşmən tərəfindən açılan gülləyə tuş gəlib. Şəhidin dayısı söyləyir ki, Əmral öz qisasını öncədən aldı, çünki döyüşlər zamanı xeyli sayda düşmənin canlı qüvvəsini məhv edib.
Şəhid anası Samirə Musayeva qəhrəman övladı ilə qürur hissi keçirdiyini deyir: “Əmral uşaqlıqdan çox vətənpərvər idi. Sanki o, bu torpaq üçün, xalq üçün dünyaya gəlmişdi. Tale elə gətirdi ki, son dəfə ad gününü də döyüşdə qarşıladı və biz onu təbrik edərkən növbəti ad günlərini evdə qeyd etməyi arzuladıq. Lakin qismət elə gətirdi ki, Əmral doğum günündən 12 gün sonra Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucaldı. Bu gün bir ana olaraq övladımla və bütün şəhidlərimizlə fəxr hissi duyuram. Çünki onlar 30 illik həsrətə son qoydular, şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız yağı düşmən tapdağından azad edildi”.
Qeyd edək ki, Əmral Xəmmədov oktyabrın 14-dən 15-nə keçən gecə şəhidlik zirvəsinə ucalıb və oktyabrın 15-i doğulub boya başa çatdığı İmişli rayon Çaxırlı kəndində torpağa tapşırılıb. Əmral döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.