“İndidən belə yaşayanlar azad, mehriban yaşasınlar. Şəhid olan oğullar hamısı bizim balalarımızdı”.
Bu, oğlu Vətən Müharibəsində şəhid olan Siyahim Dəmirovun anasının dəmir iradəli Azərbaycan xalqına məsləhəti, öyüd - nəsihətidir.
Çünki o, Siyahimi dünyaya gətirməklə tək özünə yox, eyni zamanda bütün Azərbaycana cənnəti qazandırdı.
Dəmir sözü şəhid hərbçinin tək soyadına yox, eyni zamanda onun biləyinin qüvvətinə, döyüşlərdəki şücaətinə də yansıyıb.
Beyləqanın Əlinəzərli kəndindən olan Siyahim Dəmirov 3 il yarım topçu və top komandiri kimi Azərbaycan Ordusunda xidmət edib. O, Aprel döyüşlərində Lələtəpəyə ilk bayraq sancanlardandır. Döyüşlər zamanı düşmənin canlı qüvvəsini, texnikasını, silah-sursat anbarlarını məhv edib. Onun bu bacarığını görən hərbi hissə komandiri şəhid hərbçini Xüsusi Təyinatlı Qüvvələrin hazırlandığı 6 aylıq kursa göndərib. O kəşfiyyat bölüyündə təlim aldıqdan sonra xidmətini Cəlilabadda kiçik gizir rütbəsində davam etdirib. Siyahimin peşəkarlığı sərhəd tanımayıb:
Şəhid hərbçi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik münasibətilə “Yubiley” medalı ilə təltif olunub. Siyahim Tovuz döyüşlərinin qəhrəman kəşfiyyatçısı olub. Şücaətinə görə, komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alıb.
Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmən istehamlarının dağıdılmasında böyük xidmətləri olub.
Bununla da o, Şuşanı fəth edən ilk hərbçilərdən biri kimi Azərbaycan tarixinə düşməyi bacarıb.
Eyni zamanda şəhid hərbçi Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini məhv edib, kəşfiyyatçısını əlbəyaxa döyüş zamanı boğaraq öldürüb. Ümumilikdə isə 200-ə yaxın erməni hərbçisini məhv edib. Sonda isə namərd gülləsinə tuş gələrək şəhid olub.
Ölümündən sonra Siyahim Dəmirov “Qarabağ”ordeni, həmçinin,“Vətən uğrunda” medalı ilə təltif edilib.