Baş leytenant, Hulusi Akara söz verdi, torpaqları azad etdi və şəhid oldu - Bir fotonun tarixçəsi

ÖLKƏ
12:51 / 04.01.2021
2361

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dekabrın 31-də Bakıya səfəri zamanı Baş qərargah rəisi, ordu generalı Yaşar Gülerin və qoşun növlərinin komandanlarının müşaiyəti ilə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birlikdə Silahlı Qüvvələrin Tədris Mərkəzinə də baş çəkib. Və orada fotosərginin açılışını edib. “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” adlı fotosərgidə iki ölkə arasında dostluq münasibətlərini əks etdirən fotolarla yanaşı, “Tək Vətən Hərəkatı”nın planlaşdırılması, icrası, hazırlığı mərhələlərindən çəkilmiş fotolar da yer alırdı.

Sərgidə Hulusi Akarın 2020-ci ilin avqust ayında Azərbaycana səfəri zamanı çəkilmiş bir foto diqqəti cəlb edirdi. Həmin fotoda Hulusi Akar Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində iştirak edən tankçılarımızla görüşür, baş leytenant Valeh Məmiyevin əlini sıxır və ona mükafat təqdib edir.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani Hulusi Akarı duyğulandıran həmin fotonun tarixçəsini “Anadolu” agentliyinə danışıb.

Deyib ki, foto Türkiyə-Azərbaycan hərbi təlimlərinin gedişində, 2020-ci il avqustun 13-də çəkilib. Hulusi Akar təlimlərdə fərqlənən bəzi əsgər və zabitlərə mükafatlar təqdim edib, onlarla foto çəkdirib. Mükafat alan hərbçilər arasında tank bölüyü komandiri, baş leytenant Valeh Məmiyev də var idi. Hulusi Akar ona mükafat təqdim edərkən deyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı nümayiş etdirməyiniz çox gözəldir. Amma başlıca vəzifəniz 30 ildir işğal alında olan torpaqlarınızı azad etmək olmalıdır. Buradakı uğurlarınızı savaş meydanında da ortaya qoymalısınız”.

Baş leytenant Məmiyev qardaş ölkənin müdafiə nazirinə məruzə edib: “Ali baş komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”.

Bu təlimlərdən bir neçə həftə sonra Vətən savaşı başlayıb və baş leytenant Məmiyev də öz döyüşçüləri ilə birlikdə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə girib. Qubadlı uğrunda gedən döyüşlərdə o, Hulusi Akarla çəkdirdiyi həmin fotonu əsgərlərə göstərib və deyib: “Bu, qardaş Türkiyənin müdafiə naziri Hulusi Akardır. Akar mənə təlimlər zamanı mükafat vermişdi və təlimlərdə öyrəndiyimizi savaş meydanında da ortaya qoymalı olduğumuzu demişdi. Mən də sizə güvənərək Akara söz verdim. Söz verdim ki, düşməni məğlub edib torpaqlarımızı azad edəcəyik, 30 illik həsrətə son qoyacağıq”.

Baş leytenant Məmiyev və tankçıları Qubadlının bir neçə yaşayış məntəqəsinin azad edilməsində şücaət göstəriblər. Döyüşlərdən birində onun tankı vurulub və zabit şəhid olub. “Son anında təbəssümlə deyib ki, mən qardaş Türkiyənin müdafiə nazirinə verdiyim sözə əməl elədim. Vətən sağ olsun. Bunları deyərək şəhid olub”,-Qurbani bildirib. Məmiyevin silahdaşları onun və digər şəhidlərimizin qisasını düşməndən alıblar, onları Qubadlıdan qovublar.

0
Virtualaz.org