Bir ildən artıqdır ki, koronavirus təhlükəsi dünyanı cənginə alıb. Amma mən insanlar üçün koronavirusdan daha təhlükəli olan bəladan yazmaq istədim.
Gözəl məmləkətimizdə hər şey inkişafa doğru gedir. Ölkədə gedən quruculuq işləri, abadlaşan şəhər və kəndlər nikbin gələcəkdən xəbər verir. Hələ müzəffər Azərbaycan ordusunun işgaldan azad etdiyi Qarabağ torpaqlarında nə qədər görüləsi işlər var. Zamanla bütün problemlər öz həllini tapacaq, buna əminəm.
Amma çox təəssüf ki, bizdə gender problemi hələ də ağrılı vəziyyət olaraq qalır. Ölkədə bu işlə məşğul olan qurumlar fəaliyyət göstərsələr də, vəziyyət yenə də ürəkaçan deyil. Adam az qala var səsiylə bağırmaq, üsyan etmək istəyir. Axı ulu tanrı insanları bərabər xəlq edib. Bəs nə üçün tipik azərbaycanlı ailəsində haqlı-haqsız kişinin sözü keçməlidir? Kişi az qala 30 il bir yastığa baş qoydugu halalca arvadına xəyanət edə, kənarda özünə cavan məşuqə tapa, baba yaşında ikən nikahdankənar bir uşağa ata ola bilər, bizdə buna adi bir hal kimi baxarlar. Bu biabırçı vəziyyətə hələ bəraət qazandıranlar da tapılır, nə olsun, kişidi də.
Xəyanətə uğramış qadın boşanmaq istəyəndə isə valideynlərin, qohum-əqrəbanın reaksiyası bu olur ki, ayıbdır, evlənməli övladlarınız var, adama nə deyərlər? Elə bu "adama nə deyərlər"dir bizim evimizi yıxan.
Hərçənd xəyanət bu evi artıq yıxıb. Həmin ailədə olan oğlan övladı da atasının bağışlandığını görüb sabah həmin xəyanəti təkrarlayacaq və yenə də hansısa qadın əzab çəkəcək. Əgər övlad qızdırsa, o da anasının taleyini yaşayacaq, yəni bir ömür xain bir insana dözüb tablaşacaq.
Ən faciəli tərəf bundadır ki, xəyanət edən kişi buna görə vicdan əzabı çəkmir. Etdiyi xəyanətə görə illərlə ona boyun əyən qadını və onu guya "yoldan çıxaran" digər qadını ittiham edir.
Allah Səməd Vurğuna rəhmət eləsin, bizdə taleyi Aygün kimi olan nə qədər qadın var.
Amma hamının bəxti sonda Aygün kimi gətirmir ki. Nə çoxdur cəmiyyətimizdə dövlət imtahanlarını ugurla verib həyat imtahanından kəsilən qadınlar. Həyat yoldaşının hökmü ilə fərqlənmə diplomunu bir kənara atıb evdar qadına çevrilən, arzularını ürəyində dəfn edən, sonra da bəyənilməyən, mükafatı xəyanət olan qadınlar. Bir heç uğruna həyatı zindana çevrilən qadınlar. İllər sonra cəmiyyətdə mövqe tutan müəllimlərinin, tələbə yoldaşlarının yanında xəcalətdən başını aşagı dikən qadınlar. Sual yağışına tutulan qadınlar. Axı sən o zaman universitetdə ən fəal, ən mübarlz, ən savadlı, ən istedadlı qız idin? O ittiham etdiyiniz qız, o boynu bükük qadın böyük Füzulinin Leylisi kimi indi necə desin ki, "olsaydı mənim bir ixtiyarım..."
O qadın bizim aramızdadır, o qadın mənəm, o qadın sənsən, o qadın bizik.
Həyat yoldaşı sarıdan bəxti gətirən, qadağalarsız ömür yaşayan, karyera quran digər qadınlara isə cəmiyyətdə münasibət birmənalı deyil. Evdə ömür yoldaşına sözün əsl mənasında zülm eləyən üzdəniraq qısqanc kişilər əslində ürəklərində bu cür azad qadınlara kin bəsləyir, hətta adlarına qara yaxmaqdan, böhtan yağdırmaqdan çəkinmirlər. Amma üzdə onlara elə jestlər edirlər ki, hamı tərəfindən rəğbət qazanırlar. Həyat göstərir ki, özlərini "centlemen" kimi aparan bu riyakar kişilərə iş yerlərində bəzən subay qızlar belə aşiq olur, ürəklərində onların həyat yoldaşına həsəd aparırlar. Onların içində aldanıb tora düşənlər də olur, amma sonda özgə yuvasını dağıdanın yuvasız qalması kimi acı bir həqiqətlə təkbətək qalırlar.
Nəzərinizə çatdırım ki, mən qətiyyən feminist deyiləm. Ailə dəyərlərini, kişiyə (nakişiyə yox) hörməti uca tuturam. Bəlkə də, vaxtında feminist olsaydım, indi bu yazını yazmağa məcbur olmazdım.
Sadəcə illər sonra belə nəticəyə gəldim ki, hər şey adamın özündən asılıdır. Öz azadlığınızı, öz arzularınızı könüllü qurban verməyin, köləliyə alışmayın, sonra gec olur, əziz qadınlar. AXI HƏYAT BİZƏ BİR DƏFƏ VERİLİR, xainlərin sizi üzməsinə səssiz qalmayın. Siz axı həm də qəhrəman Azərbaycan əsgərinin anasısınız.
P.S. Anama yarızarafat-yarıgerçək "inşaallah gedib Qarabağda işləmək istəyirəm" deyəndə cavabı həmişəki kimi bu oldu: "Ailəli adamsan, otur oturduğun yerdə".
Tərlanə Yaqubqızı