Lerikdə torpaq sürüşməsi ərazisindəki evlər təhlükəli vəziyyətlə üzləşib - FOTO

ÖLKƏ
23:00 / 11.01.2021
1084

Lerik rayonunun Veri-Əliabad kəndi dağ yamacında yerləşir. Kənddə 1 hektar ərazidə torpaq sürüşməsinin aktivliyi hər gün artmaqdadır ki, bu da sakinləri narahat edir. Onlar təhlükəli vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikov bildirib ki, hazırda ərazidə daha çox sürüşməyə məruz qalan, bu səbəbdən uçma təhlükəsi ilə üzləşən üç fərdi yaşayış evi var: “Orada vətəndaşların yaşaması düzgün deyil, çünki təhlükə var. Biz bununla bağlı vətəndaşlara rəsmi olaraq, yazılı şəkildə müraciətlər etmişik. Bildirmişik ki, onlar evlərindən köçməlidirlər. Əks halda baş verə biləcək xoşagəlməz hadisənin məsuliyyəti onların üzərinə düşür.

Problemin həll edilməsi istiqamətində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, Nazirlər Kabinetinə müvafiq məlumatlar göndərilib. Əraziyə baxış keçirilib, monitorinq aparılıb”.

O, qeyd edib ki, ərazidə torpaq sürüşməsi 2005-2006-cı illərdə başlayıb. Nəticədə üç fərdi yaşayış evi və məktəb binası qəzalı vəziyyətə düşüb. Ötən il məktəb binası sökülərək yerində yenisi inşa olunub. Qəzalı evlərə isə daha ikisi əlavə olunub.

0
Report