Dünən - 12 yanvar 2021-ci il Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin tarixinə yazıldı. Yeni, tam yeni Azərbaycan quruculuğu istiqamətində görülən böyük işlərə daha biri əlavə olundu. Azərbaycan Prezidenti media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzaladı. Ölkədə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" yarandı. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bazasında yaradılan qısa adı MEDİA olan agentliyə Əhməd İsmayılov baş direktor təyin olundu. Xoş xəbərdir: Fərmana görə "Media haqqında" yeni qanun qəbul olunacaq.
Fərmanın ilk və təqdimat cümləsinə diqqət çəkək: "Media sahəsində islahatların dərinləşdirilməsi". Dəqiq yanaşmadır: ölkədə bu günə qədər "Media haqqında" qanun adlı sənəd olmayıb. Qüvvədə olan sənədin adı belə idi: "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu. 7 dekabr 1999-cu ildə qəbul edilib.
23 noyabr 2001
28 dekabr 2001
30 aprel 2002
illərdə qanuna əlavə və dəyişikliklər olunub. Sənəd 18 ildir donub qalmışdı.
Prezident fərmanı mətbuat camesində yeni və mübarək prosesin başladığını bəyan etmiş oldu.
Fərmandan oxuyuruq: "Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır".
Arzuladığımız olur. Bu 18 ildə özümüz-özümüzü çox tənqid etmişik. Söylədiyimiz fikirlərin mahiyyətini təşkil edən istəklərin cəmi Fərmanın təqdim etdiyim bu abzasında muncuq kimi düzülüb. 11 bənddən ibarət Fərmanın ardınca MEDİA-nın nizamnaməsi təsdiqləndi.
Nizamnamədən oxuyuruq: Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.Agentliyin nizamnamə fondunun məbləği 285 405 manatdır.
Agentliyin vəzifələri sırasına həmin media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, media subyektləri və jurnalistlərlə bağlı Agentlik tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi ilə əlaqədar media subyektlərinin və jurnalistlərin hesabatlarını nəzərdən keçirmək və qiymətləndirmə aparmaq daxil edilib.
Agentliyin vəzifələri sırasına media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində, o cümlədən medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görmək, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək də daxildir".
Fərman imzalanan andan bu mövzuda xəbərlər KİV orqanlarının bəzəyinə çevrildi. Bu günü çox gözləmişik deyə, "bəzək" ifadəsi işlətmək yerinə düşür.
Xəbərlərdən məlum olur ki, Agentlik çap mediası ilə bərabər onlayn media subyektləri və informasiya agentliklərinin layihələrinə də maliyyə dəstəyi verəcək. Bununla yanaşı, Yeni Agentlik xətalara yol verən KİV orqanlarına qarşı tədbirlər görəcək.
Bu iki məqam medianın inkişafında böyük rola malikdir. Yeni dövrün tələblərinə əsaslanaraq, deyə bilərik ki, internet media artıq alternativsiz bir gücə çevrilib. Sosial şəbəkələrin bütün cəmiyyətləri əhatə etdiyi virtuallaşan dünyada internet medianın tənzimlənməsi dövlətin dayaqlarının möhkəmləndirilməsinə bir başa təkandır.
Öncə dövlət, sonra cəmiyyət, ardından isə KİV elminin şərtləri, qanunla təsbit olunan tələbləri gəlir. İnternet media məhz bu ardıcıllığı özünün meyarı seçsə, Vətən müharibəsi ilə dünyanı heyrətə salan Azərbaycan ali strategiyaya doğru daha mətin addımlamış olar. İnkişaf təkamülün əsas prinsipidir, azad, müstəqil, dövlətçi və peşəkar mətbuat bu prinsipin həyata keçməsinə ən böyük dəstəkçi sayılır. Necə deyərlər, dəstəkçinin özünə də mütləq dəstək lazımdır, biz bunun adını tənzimləyici qoyaq. Yeni agentlik KİV-in məhz tənzimləyicisi rolunu oynayacaq - ümidliyik, inamlıyıq. Əks təqdirdə gündəmi "Agentlik xətalara yol verən KİV orqanlarına qarşı tədbirlər görəcək" başlıqlı xəbərlər, bir daha təkrar edək, bəzəməzdir.
Mətbuatın monitorinqinin aparılması bizim üçün yad hadisə deyil. Bu prosesi aparan və subyekti olan jurnalistlərdənik. İctimai qınaq mətbuatın əsas fəaliyyət sahələrindən biridirsə, medianın özü də ictimai qınaqla üzləşməkdən, cəmiyyətin məzəmmətinə hədəf olmaqdan çəkinməlidir.
Saf, əqidəli, peşəkar, istedadlı, yorulmaz, müstəqil mətbuatın formalaşması və bu keyfiyyətlərin cəminin dövlətçilik sevgisi üzərində bərqərar olması Azərbaycanın səsinin ucalması, aydın eşidilməsi, xalqını rifah içində qürurlu və rahat yaşatmasının əsas təkanverici qüvvəsidir.
18 illik buzlaqlar əriyir. Ərimə prosesi nəticəsində yaranacaq böyük həcmdə suyun cadar-cadar olmuş mediaya həyat bəxş edəcəyinə çalışaq.
Vətən Müharibəsindəki qələbə necə medianı sevindirmişdi, eləcə də MEDİA Vətəni sevindirsin, dövlətin qələbələrdən qələbələrə doğru irəlilədiyi yollara nur saçsın. Görmək və göstərmək jurnalistikanın peşəsidir, ona görə "işıqlandırırıq" ifadəsi dilimizin və əməlimizindir. Daha gur işıqlandıraq. Bu işıq gözləri qamaşdırmasın, yolları aydınlatsın.
Ceyhun Musaoğlu - Jurnaslit Ekspert Mərkəzinin sədri
Rupor.az xəbər portalının baş redaktoru