Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоv mətbuatda bağlanması ilə bağlı məlumatlar yayılan bir neçə şirkətin onun ailə üzvlərinə aid olduğunu təsdiqləyib.
Pravda.az xəbər verir ki, Ə.Həsənov bu barədə sosial şəbəkədə paylaşdığı statusunda ona verilən suala cavab olaraq bildirib.
Sabiq şöbə müdiri bağlanan şirkətlərin qohumları və ailə üzvlərinə aid olduğunu etiraf edib.
Qeyd edək ki, Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Həmin şirkətlərin ləğv olunması ilə bağlı rəsmi məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc olunub.
Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.