20 Yanvar qırğınının törədilməsində ABŞ-ın rolu – Qaranlıq səhifələr

ÖLKƏ
12:20 / 20.01.2021
1129

...1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə. Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir. 

Pell bildirir ki, Sovet rəhbərliyi "Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.

"Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, – Pell Şevardnadzeyə belə deyirdi.

Həmin görüşdən bir gün sonra SSRİ-nin "ləkəli başı” Qorbaçov Bakıya ordu yeritdi. 

Üç ay sonra - martın 18-də isə ABŞ Konqresinin bir qrup deputatı Qorbaçova müraciət ünvanlayır.

Konqresmenlər azərbaycanlıların Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirlər. 

Məktubda deyilir: "Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.

Bu müraciət 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində ABŞ-ın (Vaşinqtondakı erməni lobbisinin) da rol oynadığını göstərir.

Qorbaçova ünvanlanan müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsini Şevarnadzedən tələb edən Kleyborn Pell, senatorlar Pit Uilson, Pol Seymak, Lerri Breksler, o cümlədən, Obama Administrasiyasında (demokratlar) dövlət katibi olmuş Con Kerrinin də adı var idi.

Asif Nərimanlı

 

0