Adım rəsmi sənədlərdə Elnarə Fətullayevadır. Müəllim dostlar arasında Fətullazadəyəm, anamsa Elnaş deyir. İndi yaşadıgım İstanbulda Narə hocam isə mənə öyretmən, hukukçu hanım deyir.
Adımızı biz dünyaya gələndə ailəmiz seçir, bizə qalan da o adı daha dəyərli etmək, cəmiyyətə, insanlığa daha yararlı olmaqdır.
Bu il 17-ci ilidir bu şərəfli peşədəyəm. Bu haqda çox danışmaq olar. Deyərdim ki, 17 ildir mənasız yaşamıram.
Niyə bunları yazıram? Çünki İstanbulda yaşamağa başladıqca peşəmin nə qədər dəyərli olduğunu bir daha anladım. Bura gələndə fikrimdə tək o vardı ki, Azərbaycan qadınlarına hüquqi yardımlar edim.
Dəyərli xanım Aygün Həsənoğlu ilə, Məhsəti Şəriflə tanışlıq isə məndə yenidən öz müqəddəs peşəmdən ayrıla bilməyəcəyim hissini oyatdı. Dünyada hansı peşədə olursan-ol, müəllim dogulmaq kimi bir məsələ var.
Bu dəyərli xanımlar burda azərbaycanlı uşaqların təhsil alması üçün çox çalışırlar!
Bilirsinizmi, İstanbulda oxuyub-yaza bilməyən iki nəsil azərbaycanlılar var. Sənədləri düz olmayan azərbaycanlılar işləyir. Bir qarın çörək üçün, ailəni saxlayıb kirayəni ödəmək üçün ömür sürən azərbaycanlılarımız...
Başqa ölkədə yaşayış çox çətin olur, inanın. Belə çətin vəziyyətdə yaşayan insanların balaları məktəblərə getmir. Yox, evdə də qalıb oyun oynamır, uşaqlıqlarını yaşamır, ümumiyyətlə uşaqlıq nədir, bilmirlər. Onlar oxuma-yazma bilmədən burda zirzəmilərdə yerləşən tikiş sexlərində işləyirlər. Ata-analarına kömək edirlər bu çətin dolanışığın öhdəsindən gəlmək üçün. Onlar da başqa uşaqlar kimi səhərlər yuxudan ayılırlar, ancaq məktəbə deyil, analarının yanında işə gedirlər. Qayğılarla böyümüş çox böyuk balaca insanlar...
Geyindiyiniz bir çox türk geyimlərinin etiketləri bizim bu körpələrin əlləri ilə vurulur. Onların işləmək hüququ yoxdur, bilirik, onlar sadəcə, valideynlərinə kömək edirlər. Oxuyub-yaza bilməyən bu iki nəslin nümayəndələrinin bir neçəsi ilə söhbətləşmişəm.
“Müəllimə, mən yazıb-oxumaq bilmirəm. Qızımın 8 yaşı var, o da bilmir...” – deyirlər.
Gəlin, oxumaq-yazmaq bilməyən üçüncü nəsil yetişdirməyək...
Gəlin, birləşək, dəstək olaq bir-birimizə, oxuyub-yaza bilməyən balalarımız qalmasın. 21-ci əsrdir, bu əsrdə savadsız azərbaycanlı olmasın!
Atatürkün söylədiyi kimi: “Gənclik biz müəllimlərin əsəridir. Əsərimiz çirkin olmasın”.
Uşaq yoxdur, insan var, həmişə deyirəm. Cəmiyyətə dəyərli insanlar yetişdirək.
Həyatda onların da ailəsinin ona verdiyi, o adı daha da dəyərli etsinlər.
Hə, bu işdə pul-para yoxdur deyirsənsə, onda bir zəhmət çək, müəllim işləmə! Bizim işimiz vicdan məsələsidir, bizim zəhmət pulla ölçülməz..."
Elnarə Fətullayeva