Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı son vəziyyəti açıqlayıb.
HİT.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xəbər verildiyi kimi, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
****
Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.
Onun digər ailə üzvləri - əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.
Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.
****
Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.
Bu barədə HİT.Az FHN-ə istindən xəbər verir.
Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, FHN-in xilasedicilərinin müdaxiləsi nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.