Prezident İlham Əliyev hər bir əyalətə nümayəndəsini təyin edəndə ona xalqla işləməyi, əhalinin problemləri ilə maraqlanmağı, regionda həyata keçirilməli olan vacib işləri həyata keçirməyi tapşırır. Dövlət başçısı bölgələrdən şəxsinə ünvanlanan şikayətlər, narazılıqlar eşitmək, görmək istəmir, əksinə, məsələnin yerindəcə həllini tələb edir. Ölkə rəhbəri bu siyasi kursa əməl etməyən, rayonlarda gərginlik yaradan, rüşvətxorluğa meydan verən neçə-neçə icra hakimini cəzalandırıb. Amma heç də bütün rayon rəhbərləri nəticə çıxarmayıblar. Bu xüsusda fərqlənən məmurlardan biri Goranboy rayon icra başçısı Məhərrəm Quliyevdir.
Sirr deyil ki, son vaxtlar tənqidçi KİV-lər Goranboy İH-nin fəaliyyətini təftiş edir, tənqidlər yağdırır, rayondan gələn şikayət və məlumatları tirajlayırlar.
Gündemxeber-in verdiyi məlumata görə, bu ittihamlara, narazılıqlara, müxtəlif iddialara rəsmi şəkildə münasibət bildirmək, İH tərəfindən açıqlama vermək əvəzinə, M.Quliyev hədə-qorxu gəlmək yolunu tutur.
Məlumata görə, bundan əvvəl M.Quliyev haqda gedən tənqidi materiallara görə GundemXeber.Az-ın baş redaktoru Şirin Cəfəriyə zəng açan Cəmilə Zeynalova adlı qadın jurnalisti təhqir etmiş, hədələmiş, söyüş yağdırıb və icra başçısı barəsində yazıları dayandırmağı tələb eləyib. Bu günlərdə isə İH-nin yeni əməkdaşlarından biri Ş.Cəfərinin ünvanına sosial şəbəkədə təhqirlər yazmağa başlayıb.
Qəzet yazır: "Bu şəxsin kimliyi məlum olsa da, ad-soyadını çəkməyə zərurət belə görmürük. Çünki onun nə nüfuzu var, nə ciddi bir fiqur olaraq tanınır.
Sadəcə, bədbəxtlikdən Goranboy İH-də tutduğu vəzifəyə uyğun olaraq fəaliyyət göstərməkdənsə, icra başçısının “troll”uğunu yerinə yetirir. ... həmin İH nümayəndəsi M.Quliyev tərəfindən düz iki dəfə töhmət alıb. İndi başçının töhmət verdiyi adam onun barəsində tənqidi yazılara reaksiya verir, müdafiəsinə qalxır.
Maraqlıdır ki, iki dəfə töhmət almış şəxsi “troll”uq etməyə nə vadar edir? Bəlkə özünü Goranboyun ağası sayan Məhərrəm Quliyev qarşısında bir xəcaləti, təqsirkarlığı var deyə yarınır? - Bilmirik.
Bu ittihamların hüquqi məsuliyyəti məktəb uşağına belə aydındır. M.Quliyevin səriştəsiz, bivec, bacarıqsız “troll”u onu müdafiə etmək, əməllərini ört-basdır eləmək naminə bu cür ağıldan kəm ifadələr işlədir, ifadələrinin məhkəmə predmeti yaratmasına şərait yaradır.
Onun “facebook”da bir sayıqlamasını və sərsəmləməsini təqdim etməzdən əvvəl oxucuların nəzərinə çatdıraq ki, sözügedən Goranboy İH işçisi, yaxud icra başçısının “troll”u 1988-ci il təvəllüddlü bir şəxsdir. Yəni, 33 yaşı var. Bu cavan uşaq sosial şəbəkədə böhtanlar yazır, hətta o dərəcədə “güclü yaddaşı” var ki, 5 yaşında olmamış hadisəni xatırlayır.
Deməli, iki dəfə töhmət almış və vəziyyəti çətinə düşmüş bu İH nümayəndəsi M.Quliyevin xoşuna gəlmək üçün sosial şəbəkədə Ş.Cəfərini nəşəxor adlandırıb. Üstəlik, guya 1993-cü ildə onun əlində narkotik maddə gördüyünü yazıb.
Sitat: “Mən bu çinqaçuk Şirinə boş yerə narkoman demirəm. Hələ orta məktəbdə aşağı sinifdə oxuyurduq. Dayım oğlu ilə nəsə almağa göndərmişdilər. Getdiyimiz yerdə yadımda qalmayan bir adamla Şirin dayanmışdılar”.
Əvvəlcə, statusun bu yerində haşiyəyə çıxaq. Görəsən, İH nümayəndəsi 1993-cü ildə Ş.Cəfərinin yanında dayanmış həmin naməlum şəxsi necə olur ki, yadında saxlamır, amma onu saxlayır?!
Absurddur. Gülməlidir. Onun yox, sahibinin - onu öyrədən icra başçısının düşdüyü biabırçı vəziyyətdir. Gərək bu yerdə stop eləsin".
Bizimlə söhbətləşən GundemXeber.Az-ın baş redaktoru Şirin Cəfəri deyir ki, haqqında böhtan yazılıb. Onun sözlərinə görə, 5 yaşlı uşaq böyüyüb və yalançıya çevrilib:
“Əvvəla, bu adam 1988-ci il təvəllüdlüdür. Adam deyəndə ki, "troll"dur. İkincisi, mən 1993-ün sonunda rayondan çıxmışam.
Danışsın, “it hürər karvan keçər”, adını belə çəkmirik. İcra başçısına ayıb olsun ki, belə adamları yanında saxlayır, mətbuatla özünə problem yaradır”.
Ş.Cəfəri bildirir ki, işin hüquqi tərəfi var: “Bu adam dediyi ittihamın məsuliyyətini qavramır. Məni narkoman adlandıran şəxs hüquq-mühafizə orqanlarına müraciət etməli, sübuta yetirməlidir.
Əks halda bu ittiham və təhqirə görə onu da, işlədiyi Goranboy icra hakimiyyətini də məhkəməyə vermək ixtiyarım var.
Yaşadığım Goranboyun Qazanbulaq qəsəbəsində məni tanıyanlar yaxşı bilir ki, uşaqlığım idmanla keçib, özüm də idman ustasıyam.
Amma bu şəxs 1993-cü ildə yanımda kim olduğunu yadında saxlamır, Şirini xatırlayır, özü də 5 yaşında...”
Baş redaktor onu da əlavə edib ki, bu məsələ barədə hüquqi müstəvidə addım atılacaq: “Bunu yazan “zəhmətkeş troll” məcburi köçkün kimi Kəlbəcərdən qəsəbəmizə gəlib məskunlaşanda 5 yaşı olub.
Yəni 1988-ci il təvəllüdlü uşaq 1993-cü ildə necə olur ki, orta məktəbdə aşağı siniflərdə təhsil alıb? Bu uşaq həmin ildə nəinki birinci sinif, heç birinci sinifə qədəm qoymaq üçün hazırlığa getməyə yaşı çatmayıb.
Əgər bu aşağı zəkalı adam məni tanısaydı, bilərdi ki, onun adıma yazdığı maddələrdən tamamilə uzaq idmançı olmuşam. Yəni sərbəst güləş üzrə idman ustalığına qədər ucalan idmançı olmuşam.
Maraqlıdır, tabeliyində olduğu icra başçısı tərəfindən iki dəfə töhmət alan birisinin belə canfəşanlıq etməsinə səbəb nədir, hansı öhdəlikləri götürüb?
Bu aşağı zəkalının yazdığı bir məsələyə də aydınlıq gətirərək bildirim ki, cəbhəçi olmağımla qürur duyur və hazırda da Elçibəy təşkilatı olan KXCP-nin Ali Məclis üzvü kimi də fəaliyyətimi davam etdirirəm.
O, sosial şəbəkədə çağırış edib ki, Kəlbəcər camaatı Ş.Cəfəriyə qarşı birləşsin.
Görün rayon icra başçısı hansı səviyyəyə enib ki, rayonlar arasında nifaq salır, bir bölgənin əhalisini digər regiondan olan jurnalistin üzərinə qaldırır.
Ümumiyyətlə, belə bir provokasion çağırış edən adam haqqında hüquq-mühafizə orqanlarının araşdırma aparması vacibdir. Bu da milli ayrı-seçkiliyə yol açan və cinayət xarakterli çağırışıdır.
İcra hakimiyyətində vəzifə daşıyan bir şəxsin rayonların əhalisini provokasiyaya çəkmək və konfliktlər yaratmaq çağırışlarına xüsusi xidmət orqanları həssaslıq göstərməlidir. Bütün bunlar cinayət məsuliyyəti yaradan çağırışlar, böhtanlardır".