Meyitdən orqan köçürülməsi əməliyyatlarına bu tarixdən başlanacaq

ÖLKƏ
10:31 / 02.02.2021
658

1 yanvar 2022-ci ildən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına start veriləcək.

Bunu Modern.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

M.Kazıminin sözlərinə görə, ötən il Prezident İlham Əliyevin imzaladığı "İnsan orqan və toxumalarının transplantasiyası haqqında” yenilənmiş Qanun buna imkan verir:

"Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bununla da 2022-ci ildən Azərbaycanda meyitlərdən alınmış orqan transplantasiya əməliyyatlarını icra edə biləcəyik”.

Transplantoloq deyib ki, hazırda yalnız canlı orqan transplantasiyası icra edilir: "Amma meyitlərdən götürüləcək orqanlar hesabına ürək, ağciyər, qaraciyər, böyrək, gözün buynuz qişası, mədəaltı vəzi kimi orqanların transplantasiyasını həyata keçirə biləcəyik. Bununla da orqan yetməzliyindən əziyyət çəkən insanların yaşama şansı daha çox artacaq”.

0