Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Salyan rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.
Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Kərimov həmyerlisi Davud Əhmədovla birgə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə Elçin Kərimov Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus fermada toplayıb. Daha sonra orada adları çəkilən şəxslər tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin və digər ətlərin sümükləri ayrılandan sonra mal əti adı ilə Elçin Kərimov tərəfindən Bakı şəhərində satılıb.
Baş İdarənin əməkdaşları tərəfindən Elçin Kərimova məxsus fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı Baş İdarədə Elçin Kərimov və Davud Əhmədov barəsində cinayət işi başlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib. Şəxsiyyəti məlum olan digər dəstə üzvlərinin saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Report"un əldə etdiyi məlumata görə, həbs edilmiş Elçin Kərimov "At Elçin" ləqəbi ilə tanınır.