"Azərbaycan Prezidenti İlham Əliyev məmurlarla bağlı mövqeyini açıq şəkildə ortaya qoydu. İlham Əliyev adını çəkdiyi məmurları yaxşı tanıyır, niyyətlərinin nə olduğunu bilir. Dövlət başçısı son müsahibəsində qeyd etdi ki, həmin məmurlar rəhbərlik etdikləri strukturların adından istifadə edərək Şuşada özlərinə şəxsi mülk tikmək istəyirlər. Onlar özlərinə iqamətgah inşa etmək üçün çalışırlar, istirahət vaxtı gəlsinlər, dincəlsinlər. Bu, “no comment”dir".
HİT.Az xəbər verir ki, bunu "Pravda.az"-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partuya sədri bildirib ki, Prezident adı çəkilən məmurların fəaliyyətindən, Bakıda və digər yerlərdə villarının, bizneslərinin olmasından xəbərdardır: “Həmin insanlar vəzifələrindən sui-istifadə edərək var-dövlət yığırlar, torpaq sahələrini zəbt edirlər. Bu, vəzifədən azad edilmənin anonsu ola bilər. Çünki qanunsuz fəaliyyətlə məşğul olan insanların nəinki vəzifədə, heç azadlıqda gəzmək hüquqları yoxdur. Təbii ki, onlarla bağlı qərar vermək səlahiyyəti Prezidentə məxsusdur”.
Partiya sədri Dövlət Sərhəd Xidmətinin rəisinin Şuşada sərhəd zastavası tikmək istəməsinə də münasibət bildirib: “Şuşada sərhəd yoxdursa, zastava necə ola bilər? Bunu Prezident də qeyd etdi. O, sərhədi Xankəndi ilə Şuşa arasında çəkəcəkdi? O məmur Xankəndini Azərbaycan ərazisi hesab etmirsə, bu, böyük qəbahətdir, təklifinə görə dövlət qulluğundan xaric edilməlidir. O, villa tikmək üçün yer istəyirmiş. Sərhəd zastavasına 10 sot yer ayrılmayacaq ki... Bu, çox böyük ərazini əhatə edir. Elçin Quliyev getsin sərhəddəki əsgərlərə zastava tiksin, onlara şərait yaratsın, mənzillə təmin etsin”.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində məmurları sərt tənqid edib.