Dil fövqəl milli sərvətdir, onu fərdlərin təfəkkürünə bağlamaq olmaz
Azərbaycan dilinin inkişaf tarixinə nəzərən əminliklə deyə bilərik ki, dilimiz hazırda özünün çiçəklənmə və intibah dövrünü yaşayır. Buna ölkəmizin müstəqilliyi dövründə nail olunub. Azərbaycan dilinin dövlət dili statusu qazanması ilə ictimai funksiyası genişlənib, yazarlar tam sərbəstləşib, kütləvi informasiya vasitələrinin texniki imkanları böyüyüb, televiziyalar, internet portalları, sosial şəbəkə və çap mediasının keyfiyyət və kəmiyyətində ciddi dəyişikliklər baş verib. İndi yazacağım fikri məqsədli şəkildə əvvəlki yazılarımda da işlətmişəm, təkrar da olsa, bir daha xüsusi olaraq vurğulamağa məcburam. Azərbaycan dövləti dilimizin təmizliyinin qorunması və şəffaflığının təmin olunması üçün nə lazımdırsa, artıqlaması ilə edib. Dövlət dili statusu almış Azərbaycan dilinin təmizliyinin qorunması və şəffaflığının təmin edilməsi üçün müvafiq sərəncamlar verilib, həmçinin, dilimizin inkişafı, təmizliyi və şəffaflığının qorunması üçün rəsmi dövlət qurumları yaradılıb. Təəssüflər olsun ki, Azərbaycan dövlətinin dilimizin inkişafı, təmizliyinin qorunması barədə həyata keçirdiyi tədbirlər dilimizin inkişafı və təmizliyinin qorunmasına bilavasitə məsul olan rəsmi qurum və onların əməkdaşları tərəfindən lazımi səviyyədə qiymətləndirilmir, görülən işlər dövlətin həyata keçirdiyi tədbirlərə adekvat deyildir.
Azərbaycan dilinə dövlət qayğısının bariz bir nümunəsinə diqqət edək. 70 illik sovet dövründə cəmi dörd dəfə işıq üzü görən orfoqrafiya lüğətimiz 2004-2020-ci illər arasında 3 dəfə nəşr olunub. “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, orfoqrafiya lüğətimiz hər beş ildən bir yenidən işlənilib təkmilləşdirilərək nəşr olunacaq.
Bəllidir ki, dil dinamik bir varlıqdır, ondan hər gün fasiləsiz olaraq istifadə edilir. Telekanallar 24 saat yayımlanır, çap mediası gündəlik nəşr olunur, internet portalları sutka ərzində intensiv fəaliyyət göstərir. Ancaq fasiləsiz informasiya yayımlayan və maarifləndirmə missiyasını həyata keçirən kütləvi informasiya vasitələri dil qüsurlarından xali deyildir. Azərbaycan dilinin təmizliyi və səffaflığına birbaşa məsul olan qurumlar hər gün rastlaşdığımız dil qüsurlarını gündəlik qeyd etməli və diqqətə çatdırmalıdırlar. Sadə bir məntiq var. Səhv və qüsur vaxtında aradan qaldırılmayanda göz öyrəşir, şüuraltına oturur, yaddaşa yazılır, bununla da vərdiş halını alır.
İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə ardıcıl olaraq azad edilən kəndlərimizin bir çoxunun adı bu və ya digər səbəblərdən səhv yazılırdı. Yol verilən orfoqrafik səhvləri adi texniki qüsur kimi qəbul etmək mümkün deyil. Toponimlər tamamilə təhrif olunmuş bir formada yazılırdı. Həmin ərəfədə bu cür qüsurlar başadüşülən və bağışlanılması mümkün olan hal idi. Qələbə sevinci bu cür qüsurları kiçik məsələ kimi qəbul etməyə tam haqq qazandırırdı. Artıq müharibənin yaratdığı həyəcan arxada qalıb və zəfər zəngi çalınıb. Daha qüsurlara yol vermək və buraxılan səhvləri də bağışlamaq doğru qəbul olunmaz.
Hansı doğrudur: “y”, yoxsa “n”?
Kütləvi informasiya vasitələrində son günlər daha çox rast gəlinən bir səhv barədə fikir bildirmək istərdim. Demək olar ki, əksər çap və elektron mediasının səhifələrində Xankəndi sözünün yönlük halda səhv yazılışı ilə rastlaşırıq. Səhv olaraq Xankəndiyə yazılır. Məqaləni yazarkən Google.az saytında “Xankəndiyə” sözünü məqsədli olaraq axtarışa verdim. Axtarış prosesində dilçi ekspertin doğru rəyi ilə də rastlaşdım. Dilçi ekspert sözdəki bitişdirici samitin “n” olduğunu söyləsə də, mediamızda hələ də səhv davam etdirilir. Səhv haradan qidalanır? Məlumdur ki, yönlük halın şəkilçisi –a,-ə-dir. Sözün sonu saitlə bitəndə “y” bitişdirici samiti artırılır. Bu qaydanı orta məktəbdən bilirik. Məs. Bakı-ya, Şəki-yə.
Xankəndi mürəkkəb sözdür. Etimoloji yaranışı da kifayət qədər şəffafdır. Qarabağ xanı İbrahim xanın qış iqamətgahının yerləşdiyi məkan olduğundan “Xankəndi” adlandırılıb. Sözün formalaşma modeli də kifayət qədər sadə və aydındır: xanın kəndi. Xankəndi formasında birləşərək mürəkkəb söz olub. İkinci növ təyini söz birləşməsi modelində yaranan bu mürəkkəb sözün birinci tərəfində yiyəlik hal şəkilçisi düşüb. Bir qədər də açıq desək, bu mürəkkəb söz qeyri-müəyyən yiyəlik haldadır. Söz birləşməsinin (mürəkkəb sözün) ikinci tərəfi (kəndi) mənsubiyyətin üçüncü şəxsinin təkindədir. Məhz bu səbəbdən söz birləşməsi əsasında formalaşmış bu tipli mürəkkəb sözlər hallananda bitişdirici samit “y” yox, “n” olmalıdır. Digər nümunələrə diqqət edək. Şah dağı-na, Xəzər dənizi-nə, Qız qalası-na və s.
Haqqında danışdığımız sözün düzgün yazılışını orfoepik və orfoqrafik dil normativləri də açıq-aşkar formada təsdiq edir. Tələffüz zamanı Xankəndiyə yox, Xankəndinə deyilir. Xankəndiyə deyiləndə “y” bitişdirici samitinin yerinə düşmədiyi açıq şəkildə görünür. Sözün (Xankəndi) yaranma strukturu doğru variantı “-n” samitini diktə edir. Belə olan təqdirdə söz niyə deyildiyi kimi yazılmasın?
Bu gün və bugünkü
Çap və elektron mediasında hər gün “bu gün” və “bugünkü” sözləri ilə rastlaşırıq. Başqa cür desək, mediamız bu sözlərsiz keçinə bilmir. Bu sözlərdən hər gün istifadə edilsə də, ancaq onun yazılışında dil normativlərinə əməl olunmur. Çap və elektron kütləvi informasiya vasitələrində səhv olaraq “bu gün” sözü bitişik, “bügünkü” sözü isə ayrı yazılır. Aydınlıq üçün bildiririk ki, “bu” işarə əvəzliyi, “gün” isimdir. Bu və gün sözlərinin hər biri müstəqil vurğu ilə deyilir. Elə bu səbəbdən də ayrı yazılmalıdır. Bugünkü sözü isə bitişik yazılmalıdır. Çünki söz bir vurğu ilə deyilir və bir məfhumu ifadə edir. Qeyd etdik ki, bu işarə əvəzliyi, gün isimdir. Ancaq bugünkü sözündə məna və məfhum “kü” şəkilçisinin artırılması ilə tamamilə dəyişib. Dilimizdə -kı, -ki, -ku, -kü şəkilçilərinin köməyi ilə zərfdən sifət əmələ gəlir. Məs. axşamkı söhbət, səhərki iş, bugünkü hadisə və s.
Bu məqamda onu da qeyd edək ki, bugünkü, ogünkü və birigünkü sözləri bitişik yazılan sözlər kimi orfoqrafiyamızda təsbit olunub.
Söz yerində olmayanda…
Çap və elektron mediasında ən çox rast gəlinən səhvlərdən biri cümlədə söz sırasının pozulmasıdır. Söz sırasının pozulması dilçilik elmində termin kimi inversiya adlandırılır. Latın mənşəli olan bu sözün mənası “yerdəyişmə” deməkdir. Fikrin ifadə vasitəsi sayılan cümlə, həcmindən asılı olmayaraq, pozulmaz qanunauyğunluğa, dəyişilməyən struktur qaydasına malikdir. Əlbəttə, bu məqamda dünya dillərinin özünəməxsus qaydaları da qeyd olunmalıdır. Azərbaycan dilində də sabit cümlə strukturu mövcuddur. Məlum olsa da, bir daha diqqətə çatdırmaq istərdik. Mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin təyinolunandan əvvəl, zərflik, adətən, xəbərdən əvvəl gəlir. Cümlədə sözlərin düzgün sıralanması ən vacib dil normativlərindən sayılır. Bu sıralanma fikrin ifadə çalarından asılı olaraq, şeir və şüarda pozula bilər. Onu da diqqətə çatdırmaq vacibdir ki, şeir və şüarda söz sırasının pozulması fikrin doğruluğuna xələl gətirmir. Ancaq digər hallarda söz sırasının pozulması fikrin təhrif olunmasına, məzmunun dəyişilməsinə gətirib çıxarır.Cəmiyyət tərəfindən ciddi qəbul olunan bir çox internet saytlarında hər gün belə nümunələrə rast gəlinir.
Məs. 1. “Putin etimadı itirdiyi üçün onu vəzifədən çıxardı”. Cümlənin məzmunundan belə çıxır ki, etimadı itirən Putindir. Əslində, belə olmalıdır: “Putin onu etimadı itirdiyi üçün vəzifədən çıxardı”.
2. “Şuşada yerləşən Vaqifin məqbərəsindən birbaşa bağlantı”. İlk baxışda yol verilən səhv texniki qüsur kimi qəbul oluna bilər. Əslində, bu, ciddi struktur səhvi - söz sırasının pozulmasıdır. Söz sırasını bərpa etməklə cümlədə fikir aydınlaşır: “Vaqifin Şuşadakı məqbərəsindən birbaşa bağlantı”.
Onu da qeyd edək ki, nümunə gətirdiyim cümlələr saytlarda dərc olunmuş məqalələrin sərlövhəsində yazılıb.
Əlifbamizda neçə hərf var?
İctimaiyyət tərəfindən ciddi qəbul olunan bəzi qəzet və saytlara istinadən deyə bilərik ki, əlifbamızda 32 yox, 33 hərf var. 33-cü hərflə oxucular da rastlaşmamış olmazlar. Həmin qəzet və saytlar Azərbaycan əlifbasına dilimizin fonetik və qrafik normalarını kobud şəkildə pozaraq, ingilis dili üçün xarakterik olan “w” (dablyu) hərfini gətiriblər. Onlar heç bir ehtiyac olmadan Nyu York sözünü New York şəklində yazırlar. Görəsən, onlar “w” hərfini klaviaturada kompüterin dilini dəyişərək yazdıqlarını bilmirlərmi? Ən azından texniki səhv etdiklərinin fərqində olmalıdırlar. Belə ki, kompüterdə “w” yazarkən (mən indi “w” hərfini yazmaq üçün kompüterdə dil dəyişikliyi apardım) mütləq ingilis dilini seçməlidirlər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu tipli sözlərin yazılışı (coğrafi adlar) “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə də düzgün təsbit olunmayıb. Nyu York, Nyu Cersi, Nyu Meksiko və b. coğrafi adların defislə yazılmasının heç bir elmi əsası yoxdur. Fikrimizi “Nyu York” sözünə istinadən izah edək. New (nyu) ingilis dilində yeni, təzə mənasını ifadə edir, York isə İngiltərənin qədim şəhərlərindən birinin adıdır. İngiltərənin həmin şəhərinin şərəfinə adıçəkilən yaşayış məskəni Nyu York adlandırılıb. Necə ki, Yeni Yaşma, Yeni Göyçə,Yeni Zod və başqa coğrafi adları defissiz yazırıq, eləcə də Nyu York, Nyu Cersi, Nyu Meksiko və başqa sözləri defissiz yazmalıyıq. Bu sözlərin orijinalında- ingiliscəsində defis yoxdur. Ehtimal ki, bu sözlərin səhvən defislə yazılması rus dilinə istinadla bağlıdır.
Qeyd etmək lazımdır ki, durğu işarələrinin həddindən artıq işlənilməsi bütövlükdə dilimizə, o cümlədən yazı prosesinə yalnız ağırlıq gətirir. Şərti və əsassız, heç bir dil normativinə əsaslanılmadan qoyulan durğu işarələrinə lüzum yoxdur.
Səhvlər haradan qaynaqlanır?
Bu barədə əvvəllər də qeydlərim olub. Hər hansı mətnin ictimaiyyətə qüsursuz təqdimatı redaktə və korrektura prosesi ilə birbaşa bağlıdır. Düzdür, ən kiçik informasiya belə ilkin mərhələdən doğru, dürüst və savadlı hazırlanmalıdır. Ən savadlı hazırlanan mətn belə redaktə və korrekturadan keçməlidir. Etiraf edək ki, mətn çox oxunduqca səhvlərdən təmizlənir və cilalanır, Bu məqamda onu da etiraf edək ki, yaşadığımız günlərdə redaktə və korrektura institutu redaksiyalar tərəfindən lazımi səviyyədə dəyərləndirilmir.
Bu gün texnologiyanın yaratdığı hüdudsuz imkanlar sayəsində nəinki nöqsanlara yol verməmək, hətta buraxılmış səhvlərin bir çoxunu sonradan belə aradan qaldırmaq mümkündür. Elektron mediada yol verilmiş qüsurlar istənilən vaxt düzəldilə bilər.
İctimai hadisə sayılan dil xalqa, ümumən ictimaiyyətə xidmət göstərir. Belə olduğundan bütövlükdə ictimaiyyət dilimizin qayğısına qalmalı, onun təmizliyinin qorunmasına, şəffaflığının təmin olunmasına xüsusi diqqət yetirməlidir. Dil cəmiyyətin digər ictimai dəyərlərinin də reallaşmasını təmin edir. Dil ümumxalq mülkiyyəti olduğundan onu ayrı-ayrı fərdlərin düşüncə və davranışına bağlamaq mümkün deyildir.
Xeybər Göyyallı