"Rasim Məmmədov tək deyil, digərləri də..." - Hüquqşünas detalları açıqladı

ÖLKƏ
15:40 / 03.02.2021
3612

“Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədov ittiham olunduğu maddələrlə uzunmüddətli həbs həyatı yaşaya bilər. 

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilır. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, artıq onun barəsində həbs qətimkan tədbiri seçilib.

308.2-ci maddədə üç ildən yeddi ilədək, 178.3.2-ci maddədə beş ildən on ilədək, 179.4-cü maddədə isə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Hüquqşünas Aslan İsmayılov HİT.Az-a bildirib ki, adətən belə hallarda təqsirləndirilən şəxslərə minim 15 il müddətinə azadlıqdan məhrum edilir. Hüquqşünas onu da əlavə edib ki, Rasim Məmmədova qarşı tək bu maddələrlə ittiham irəli sürülməməlidir. “Rasim Məmmədovun quldurluq, soyğunçuluq əməlləri də var. Onlarla iş adamının əmlakını zorla əlindən alıb. Qoçu dəstələri vasitəsilə faktiki olaraq quldurluq edib. Bu barədə mətbuatda da kifayət qədər yazılıb. Güman edirəm ki, Rasim Məmmədovun maddələri artırılacaq”, - deyə Aslan İsmayılov əlavə edib. 

Hüquqşünas daha sonra bildirib ki, Rasim Məmmədov tək deyil: “Metallurgiya sahəsi ən pullu sektorlardan biridir. Rasim Məmmədov kimi onlarla adam var ki, bu sahədə qanunsuz yollarla külli miqdarda vəsait əldə edib. Rasim Məmmədovun işində 30-50 milyondan söhbət gedir. Amma mən deyərdim ki, burada 30 milyarddan söhbət getməlidir. Hesab edirəm ki, digər rasim məmmədovlar da məsuliyyətə cəlb olunmalıdır”, - deyə o vurğulayıb.

Vüqar

1