Araşdırmaçı jurnalist, “Azerbaijan Favorite News” (www.afn.az) xəbər saytının əməkdaşı Həbibə Abdulla Prezident İlham Əliyevə müraciət edib. Surəti “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevə; Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova; Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanlanan müraciətdə jurnalist "Azərenerji" ASC mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevin hərəkətsizliyindən şikayət edib.
HİT.Az xəbər verir k, müraciətdə deyilir:
Cənab Prezident! Sizin rəhbərliyiniz altında Azərbaycanda medianın inkişafı istiqamətində bir sıra tədbirlər reallaşdırılıb və proses davam etməkdədir. Bu günlərdə Sizin imzaladığınız fərmanıla Medianın İnkişafı Agentliyinin yaradılması, yeni media qanununun hazırlanması bu qəbildəndir.
Sirr deyil ki, son illərdə mediada müəyyən problemlər də yaşanmaqdadır. Daha çox qeyri-peşəkarlıqla bağlı müşahidə olunan problemlərin köklü səbəblərindən biri də dövlət qurumlarının informasiya və media ilə əlaqələr siyasətinə rəhbərlik edən şəxslərin öz vəzifələrinin öhdəsindən gələ bilməməsidir. Bu qənaətimizi əsaslandırmaq üçün bir çox misallar gətirə bilərəm. Lakin bu günlərdə mənim peşəkar fəaliyyətimə mane olan hallardan birini xüsusilə qeyd etməyə zərurət duydum. Belə ki, “Azərenerji” ASC-nin fəaliyyəti ilə bağlı apardığım araşdırma zamanı ortaya çıxan suallara cavab tapa bilmirəm. Bunun üçün adıçəkilən qurumun rəsmi internet saytında (www.azerenerji.gov.az) lazımi məlumatlar olmadığı üçün ASC-nin rəhbəri Baba Rzayevin adına rəsmi sorğu ünvanladım. Prosedur qaydalara uyğun olaraq hazırlanan sorğunu qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevin tövsiyə etdiyi e-poçt ünvanına göndərdim, bu barədə T.Abdullayevi votsap vasitəsilə məlumatlandırdım. Mətbuat xidmətinin rəhbəri sorğunun suallarından bir neçəsinin əhatə etdiyi “Azərenerji” ASC-nin 2019-cu il üzrə maliyyə hesabatının bir neçə gün ərzində sayta yerləşdiriləcəyini bildirdi. Lakin tərtib edilmiş sorğuda da əksini tapan suala – maliyyə hesabatının bu qədər gecikməsinə nə səbəb olub? – heç bir cavab vermədi. Eyni zamanda sorğudakı digər suallarım da cavabsız qaldı. Qeyd edim ki, sorğunu 25 yanvar 2021-ci ildə yazılı formada ünvanlamışam. Mövcud “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, sorğuda hər hansı düzəldilməli məqam vardısa 5 iş günü ərzində sorğuçuya məlumat verilməli idi. Əks təqdirdə sorğu 7 iş günündən çox olmayan müddətdə cavablandırılmalı idi. Eyni zamanda sorğunun cavablandırılıb-cavablandırılmayacağı haqqında sorğuçuya məlumat verilməli idi. Lakin bunların heç biri baş verməyib, həmçinin T.Abdullayev mənim müvafiq suallarımı da cavabsız qoyub.
Cənab Prezident! Siz hər zaman çıxışlarınızda jurnalistlər haqda xoş sözlər deyirsiz, bizi özünüzün dostlarınlız adlandırırsınız. Həmçinin, məhz jurnalistlərin verdiyi məlumatlar əsasında ölkədəki reallıqdan xəbər tutduğunuzu qeyd edirsiniz. Çox təəssüflər olsun ki, bir çox hallarda Sizin təyin etdiyiniz məmurlar və onların təyin etdiyi informasiya siyasətinə məsul olan şəxslər medianı nəinki dost kimi qəbul edirlər, tam əksinə, jurnalistlərə qarşı saymamazlıq, hörmətsizlik nümayiş etdirirlər. Yuxarıda qeyd etdiyim hal da buna misaldır. Sizdən xahiş edirəm, “Azərenerji” ASC-nin fəaliyyəti ilə bağlı apardığım araşdırmada ortaya çıxan suallarıma cavab tapmam üçün mənə kömək edəsiniz, sorğumun cavablandırılmasına göstəriş verəsiniz!"
Jurnalistin ASC-yə ünvanladığı sorğunu təqdim edirik:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevə
Hörmətli Baba müəllim!
“Azerbaijan Favorite News” (www.afn.az) saytı olaraq rəhbərlik etdiyiniz ASC-nin fəaliyyətinə dair material hazırlayırıq. Materialın hərtərəfli və dolğun olması üçün aşağıdakı sualların cavablandırılmasını təmin etməyinizi xahiş edirik:
1. 2021-ci il olmasına baxmayaraq, “Azərenerji” ASC-nin 2019-cu ildəki fəaliyyətinə dair konsolidə edilmiş maliyyə hesabatı saytınızda yerləşdirilməyib. Bunun səbəbi nədir? Hesabat nə zaman ictimaiyyətə açıqlanacaq?
2. “Azərenerji” ASC son 3 ildə dövlət büdcəsindən nə qədər vəsait alıb?
3. ASC son 3 ildə büdcəyə nə qədər vergi ödəyib?
4. “Azərenerji”nin hazırda hansı xarici və daxili maliyyə qurumlarına və nə qədər həcmdə borcu var?
5. Son 3 ildə “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borcunun ödənməsinə Kredit Zəmanət Fondundan nə qədər vəsait sərf olunub? ASC özü nə qədər borc qaytarıb?
6. 2020-ci ildə “Azərenerji”yə məxsus yüksək gərginlikli ötürücü xətlərdə texniki itki neçə faiz təşkil edib və bu, əvvəlki ildən nə qədər fərqlənir?
7. 2018-ci ildən bəri “Azərbaycan” İES-də yenidənqurma işlərinə nə qədər vəsait sərf olunub? Vəsaitlərin nə qədəri dövlət, nə qədəri ASC-nin özü tərəfindən qoyulub?
8. Yeni SCADA sisteminin qurulması işlərinin 2020-ci ilin 31 dekabrına yekunlaşacağını elan etmişdiniz. Yekunlaşdımı? Bu sistem ümumilikdə neçəyə başa gəldi?
9. 2020-ci ili ASC zərər, yoxsa mənfəətlə başa vurdu?
10. Hazırda ASC-yə məxsus enerji istehsalı müəssisələrində şərti yanacaq sərfi nə qədərdir və bu, əvvəlki ildən nə qədər fərqlənir? Mazut və qaz üzrə ayrılıqda.