Dünyanın ən təhlükəli narkotikini Azərbaycana gətirən qadın yaxalandı - VİDEO

ÖLKƏ
16:20 / 04.02.2021
961

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən HİT.Az-a verilən xəbərə görə, qurumun Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Dəmirova Elviyyə Rasim qızına məxsus çamadan və bağlama gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın və bağlamanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 5 ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilən 977 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyi qutusunun içərisindən isə 98,800 qram narkotik vasitə - kokain, krem qutularının və çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 76,206 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzai) maddəsi aşkar edilib.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlu qeyd edilən narkotik vasitə və psixotrop maddəni təhvil alan zaman saxlanılıblar. Dəmirova Elviyyə Rasim qızı, Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlunun qeyd edilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulublar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 158,19 qramdır.

0