Vəzifə başında DTX-nın qara maskalı əməkdaşları ilə qarşılaşmamaq məmurun ən böyük arzusu olsa da, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 3 il sonra reallaşan həbsi sabiqlərin bu ümidinin üstündən xətt çəkdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın davamı kimi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da hədəfdə olduğu bildirilir.
Məsələ ilə bağlı Z.Məmmədovun qardaşı Eltun Məmmədovla dəqiqləşdirmə aparmaq istəsək də, o bundan imtina edib. E.Məmmədov Modern.az-a açıqlamasında qardaşı barədə danışmaq istəməyib:
“Dəfələrlə mətbuata, dəyərli jurnalistlərə bildirmişəm ki, şəxsimlə, fəaliyyətimlə bağlı nə soruşsanız, açıqlamağa hazıram. Amma bu mənə aid məsələ deyil. Mənə aid olmayan məsələ ilə bağlı açıqlama istəməniz və mənim də buna münasibət bildirməyim etik deyil. Xahiş edirəm nəzərə alasınız”.
Xatırladaq ki, ölkənin ən varlı oliqarxlarından biri sayılan Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilədək Azərbaycanın nəqliyyat naziri vəzifəsində çalışıb.