Qiyməti qaldırılan su 3 aydır asfalta axır, baxan yoxdur… - FOTO/VİDEO

14:48 / 05.02.2021
1309

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yaşayan sakinlər “Azərsu”dan şikayətçidirlər. Belə ki, 3 aydan artıqdır həmin ərazidə avtomobil yolu ilə su axır. Buna səbəb su xəttində baş verən qəza göstərilir.

Sözügedən şikayətlə bağlı Bakupost a müraciət edən sakinlər bildirir ki, hər gün səhər-axşam yoldan su axmasına baxmayaraq, “Azərsu” qəza baş verən xətti təmir etmir: “3 ay ərzində dəfələrlə 10 nəfər sakin yığışıb, su idarəsinə gedib şikayətimizi bildirmişik. Amma düzəldən yoxdur. Gəlirlər, baxıb gedirlər. Hər gün maşın yudurtmaqdan bezmişik. Yola çıxan kimi palçıq, su maşını pis günə qoyur. “Azərsu” həm deyir ki, insanlar israf etməsin, suyu açıq qoymasınlar deyə suyun qiymətin artırdıq, həm də özü 3 aydır israf edir. Sonra da o boşuna axan suyun pullarını bizim cibimizdən alacaqlar. Olmaz belə, başqa hara, kimə müraciət edək bilmirik”.

 

Buna bənzər digər bir problem isə Nəsimi rayonu, Füzuli küçəsində yaşanır. Həmin ərazidə isə yerin altından 1 ildir su çıxır.

Hər iki məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, Xətaidə baş verən qəza magistral su kəməridir:

“Həmin ərazidə yolun qazılması ilə bağlı aidiyyəti qurumlardan razılıq almışıq. Artıq orda qəzanın aradan qaldırılması ilə əlaqədar işlər həyata keçiriləcək. Digər problemlə bağlı Nəsimi Rayon Sukanal İdarəsinə tapşırıq verilib. Məsələ araşdırılacaq və aradan qaldırılacaq”.

0