Sürüşmə zonasındakı drenaj quyularına sahib çıxan tapılmır

ÖLKƏ
15:57 / 05.02.2021
743

Bayıldakı sürüşmə zonasında aşınmaların qarşısını almaq məqsədilə qazılan drenaj quyularına nəzarət etməyə qurum tapılmır.

Bir neçə gün öncə ərazidə sürüşmə baş verərkən Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında quyuların nəzarətsiz qaldığını, bu səbəbdən də ya nasosların, ya da onun müxtəlif borularının kimlərsə tərəfindən oğurlandığını bildirmişdi. O, bu barədə Nazirlər Kabinetinə müraciət ünvanladıqlarını qeyd etmişdi.

Məsələ ilə əlaqədar Nazirlər Kabinetinin mətbuat xidmətindən Hit.az-a bildirilib ki, hələlik bununla bağlı məlumat yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəhbəri Əli Əliyev isə quyuları FHN-nin qazdığını deyib. Lakin o da nəzarətin hansı qurumda olduğundan xəbərsiz olduğunu bildirib.

AMEA-nın Coğrafiya İnstutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev də məsələyə münasibət bildirib. O, bizimlə söhbətində ərazinin həmişə sürüşməyə meyilli olduğunu, bunun bir hissəsinin təbii, digər hissəsinin isə antropogen amillərin təsiri ilə meydana gəldiyini deyib. Həmçinin qeyd edib ki, Bayıl ərazisində sökülən həyət evlərinin yerində hündürmərtəbəli binaların tikilməsi də prosesə öz təsirini göstərir.

Drenaj quyuları ötən il sürüşmə baş verərkən ölkəyə dəvət olunan yapon mütəxəssislərin rəyi əsasında FHN tərəfindən qazılıb.

Əgər oğurluq halları varsa, quyulara toplanan suyunun vaxtaşırı necə kənarlaşdırıldığı da sual doğurur? Əgər bu quyular sürüşmənin qarşısını almaq üçün nəzərdə tutulubsa, nəzarətsiz qalması qurumların məsələyə səthi yanaşmasından xəbər verir.

Çingiz Səfərli

0