Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Tərtər rayonunda 4000-dən çox obyektə, o cümlədən mülki əhaliyə məxsus evlərə, dövlət əmlakına, infrastruktura, sosial binalara ziyan dəyib. Düşmənin atəşə tutduğu digər rayonlarda olduğu kimi, Tərtərdə də dəyən ziyanın aradan qaldırılması üçün tikinti-bərpa işləri həyata keçirilir.
Ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa və təmir-tikinti işləri davam etdirilir.
Təmir-bərpası mümkün olmayan yaşayış evlərinin əvəzində 2, 3, 4, 5 otaqlı eynitipli evlər inşa olunur. Əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub, inşaat materialları gətirilib.