Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevə raport verib.
Qeyd edək ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 10 iyun tarixli Sərəncamına əsasən Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, yeni idarə və şöbələr, o cümlədən islahatların tərkib hissəsi kimi, kriminalistika və informatika idarəsi yaradılıb.
Yeni inzibati bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verən Baş prokuror Kamran Əliyev bildirib ki, dörd korpusdan ibarət kompleksdə Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara və müasir formaya uyğunlaşdırılıb.
Diqqətə çatdırılıb ki, cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulub. Eyni zamanda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılıb. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. İnzibati binada üç iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsinə imkan verəcək.
Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılan və 44 günlük Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya ilə tanış olub. Qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı maddi sübutlar toplanıb.
Dövlətimizin başçısına səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillər barədə də məlumat verilib. Bildirilib ki, avtomobillərdə quraşdırılmış batareyaların köməyi ilə mühərriklər işə salınmadan 1,5-2 saat ərzində avtonom rejimdə hadisə yerini, eləcə də istintaq hərəkəti aparılan ərazini işıqlandırmaq mümkündür. Müasir texnika və avadanlıqla təchiz edilən bu cür avtomobillər MDB məkanında yalnız Azərbaycandadır.
Kompleksin ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin fəal hüquq siyasətinin əsas məqsədi qanunun aliliyinin təmin olunmasıdır. Prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir.
***
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.
HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.