Kapitoliyə hücum hadisəsindən sonra ABŞ Prezidenti Donald Trampın səhifəsini bloklayan "Twitter"in səhmləri bir gündə 12% ucuzlaşdı və nəticədə, şirkətin bazar dəyəri 5 mlrd. dollar azaldı. Bu hadisə sosial şəbəkələrlə siyasətin necə iç-içə olduğunu bir daha nümayiş etdirdi.
Tarix boyu diplomatiyadakı dəyişikliklərin iki əsas tətikləyicisi olduğunu görürük: beynəlxalq sistemdəki dəyişikliklər və texnoloji yeniliklər. “Twiplomacy” (Tvitter diplomatiyası) də məhz müasir texnoloji yeniliklərin gətirdiyi qavramlardan biridir ki, dövlət başçıları və diplomatik münasibətlərdə mühüm rol oynayan digər aktorların sosial media kanallarından, xüsusilə də “Twitter”-dən istifadə etməsini və təsir dairəsini nəzərdə tutur.
Qeyd edək ki, “Twitter”-ə siyasi maraq, əsasən, Donald Trampın qurulmuş diplomatik qayda-qanunları pozan kobud "tvitləri" sayəsində 2016-cı ildən bəri geniş yayıldı. ABŞ prezidenti demək olar ki, hər gün “tvit” atır, ən bayağı cümlələrlə hansısa bir dövləti və ya daxildəki rəqiblərini azarlayır və ya təhdid edirdi. Ani emosionallığın və qərarların yad olduğu diplomatik münasibətlərin əksinə olaraq, çox vaxt bir “tvit”lə kriptovalyutanın qiymətinin rekord sayda qalxmasını, yaxud iki dövlət arasındakı əlaqələrin pisləşə bildiyini gördük. Buna görə də siyasi liderlər “Twitter”dən əhəmiyyətli bir vasitə kimi mesajlarını dünyaya çatdırmaq və kütlələrə müraciət etmək üçün istifadə edirlər.
2020-ci ildə bütün dünyanın karantin donuna bürünməsi, siyasi arenada hərəkətliliyin azalması “Twiplomacy”ya tələbatı artırdı. Pandemiya dövründə əksər dünya liderlərinin “Twitter”dəki fəallığı yüksəlib. “Twiplomacy.com” saytı xəbər verir ki, hazırda ən çox izləyici kütləsinə sahib 50 dünya liderinin siyahısına Donald Trampın 88 milyonluq bloklanmış hesabı başçılıq edir. İkinci yerdə 63 milyonla Hindistanın Baş Naziri Narendra Modi, üçüncü yerdə isə 50 miyonla Papa Fransiskdir.
Liderlərin ötənilki “Twitter” marafonunda Azərbaycan da aktiv iştirak edib. Məlum olduğu kimi, İlham Əliyevin sosial şəbəkələrdəki hesabları, xüsusilə onun “Twitter” hesabı İkinci Qarabağ Müharibəsi günlərində kifayət qədər aktiv idi. Belə ki, Azərbaycan Prezidentinin “Facebook” və “Instagram” hesablarında da, adətən, tvitlərdən hazırlanmış, @azpresident istifadəçi adı və “Twitter” loqosu əlavə edilmiş kontentlər paylaşılırdı. Bu isə kommunikasiyanın əsas forması kimi “Twitter”in seçildiyini göstərirdi. Azərbaycan cəmiyyətində bu dəyişiklik çox sürətlə mənimsənilərək trend halını aldı. Elə bunun nəticəsidir ki, İlham Əliyevin rəsmi “Twitter” hesabı aktivliyinə görə 50 dünya liderinin yer aldığı siyahıda 30-cu, izləyici kütləsinin sayına görə 33-cü, təsir dairəsinə görə isə siyahının 29-cu pilləsində qərarlaşıb.