Nazirlik vətəndaşlara çağırış etdi - VİDEO

ÖLKƏ
12:42 / 11.02.2021
1114

Fövqəladə Hallar Nazirliyi vətəndaşları xüsusi icazə olmadan işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli iradəsi və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətçiliyimizin ən şərəfli səhifəsidir: "Bu tarixi Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.

Təbii ki, əbədi və əzəli torpaqlarımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək istəyir. Lakin mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həlak olan və ya yaralananlara, təəssüf ki, rast gəlinir.

Mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin mövcudluğunu nəzərə alaraq, bir daha əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, həmin ərazilərə mina və digər partlayıcı maddələrdən təmizlənilməsi əməliyyatları bitənədək icazəsiz səfər etməməyə çağırır və bunun həm də hüquqi məsuliyyət yaratdığını xatırladır".

0