Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqlı yollarda şəxsi nəqliyyat vasitələrinin cərimələnməsi ilə bağlı vətəndaşlar arasında narazılıq artmaqdadır. Sürücülərin bəziləri saatlarla tıxaclarda qalmasından gileylənsə də, bəziləri avtobus zolağında hərəkət zamanı tətbiq edilən cərimələrin çoxluğundan narazıdır.
Bəs, vəziyyətdən çıxış yolu nədir?
Qaynarinfo bununla bağlı araşdırma aparıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov yeni zolaqların yaratdığı çıxılmaz vəziyyətlə bağlı heç bir münasibət bildirməyib və ümumi avtomobil sıxlığından danışıb:
"Metronun işləməməsi yerüstü sərnişindaşımada sıxlıq yaradır. Ölkə üzrə 1 milyon 400 min avtomobil var. Onun 600 mini Bakı şəhərində daimi qeydiyyatdadır və istismar edilir. Köçkün və qaçqınlara məxsus avtobilləri də nəzərə alanda Bakı şəhərində 72% nəqliyyat vasitəsi edir. Bu göstərici Bakı şəhərində hərəkətlə bağlı vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Dayanma-durma ilə bağlı tələbləri hər dörd sürücüdən birinin 30 saniyə pozması sıxlıq yaradır. Bu gün avtobus zolaqlarının da ayrılması heç təsadüfi deyil. Bu, onunla əsaslandırılıb ki, ictimai nəqliyyat vasitələrinin rahat və fasiləsiz gediş-gəlişi təmin edilsin, onların ləngiməsinin qarşısı alınsın. Zolaqlar bu məqsədlə yaradılıb. Bu zolaqlarda başqa nəqliyyat vasitələrinin hərəkəti aşkarlanırsa, tədbirlər həyata keçirilir ki, ora başqa nəqliyyat vasitələri daxil olmasınlar. İlin əvvəlindən yüzlərlə sürücü məsuliyyətə cəlb olunub. İndi sual verirlər ki, zolağa girmək olar, ya yox? Əgər həmin ərazi üzrə xidmət aparan polis əməkdaşı həmin zolaq üzrə hərəkətə icazə işarəsi verirsə, sözsüz ki, sürücü bu yolla hərəkət edir və onun barəsində inzibati tənbeh tədbiri həyata keçirilmir. Bu da o zaman olar ki, həmin yolda əhəmiyyətli bir tədbir olsun, yol polisləri cəlb edilsin, həmin ərazilərdə xidmət aparılsın və yaxud pik saatlar olsun. Çalışın, bu yollara girməyin”.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə qeyd edib ki, cərimə sanksiyalarını tətbiq edən qurum Dövlət Yol Polisidir və qurum qanunun tələblərinə uyğun olaraq bu addımı atır:
"Bu zolaqlar, məsələn, "Əhməd Rəcəbli” küçəsində zolağın tələbi gün ərzində qüvvədə deyil. Orada zolağın tələbinin qüvvədə olduğunu göstərən məlumat lövhəsi var. Həmin ərazidə saat 17:00-dan 20:00-dək zolaq qüvvədə olacaq. Məsələn, bu saatlarda həmin zolağa girib hərəkət edə bilərlər. Amma deyilən saatda həmin zolağa girmək qadağandır. Və yaxud da Mikayıl Hüseynov prospektində zolağa səhər saat 7:00-dan axşam saat 20:00-dək girmək qadağandır. Qalan digər vaxtlarda zolaqda hərəkət etməyə icazə verilir. Qara Qarayev prospektində isə günün bütün saatlarında zolağa girmək qadağandır. Saatlar var, onu lövhələrdən oxumaq, məlumatlı olmaq lazımdır. Elə küçə var orada vaxt müəyyənləşib, elə küçə var ki, oraya ümumiyyətlə, giriş qadağandır”.
Mais Ağayev qeyd edib ki, avtobus zolaqlarına girişi qadağan edən qurum Bakı Nəqliyyat Agentliyidir:
"Avtobus zolaqlarına yalnız həmin hissədən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar və operativ nəqliyyat vasitələri daxil ola bilər. Amma digər nəqliyyat vasitələrinin zolaq boyunca hərəkəti qadağandır. Avtobus zolağının təşkilində əsas məqsəd müntəzəm və ekspers xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir. Azərbaycan, yaxud da Bakı bunu ilk dəfə həyata keçirən şəhər deyil. Bu illərdir ki, dünyanın inkişaf etmiş şəhərlərində həmin təcrübədən istifadə olunur və çox da uğurlu alınır. Bu gün mövcud pandemiya şəraitində xüsusilə əhəmiyyətlidir ki, avtobusların sərbəst hərəkəti təmin olunsun. Metronun fəaliyyət göstərmədiyi bir vaxtda avtobusların hərəkəti həyati əhəmiyyətlidir. Avtobus zolaqları sərnişinlərin rahatlığını təmin etmək üçündür və ictimai nəqliyyatdan istifadəni stimullaşdırır. Məsələn, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və Gəncə prospekti əsas ictimai nəqliyyat dəhlizlərindən biridir. Əgər hər kəs burada avtobus zolağının tələblərinə əməl etsə, o zaman insanlarda avtobusdan istifadəyə maraq artacaq. İnsanlar həftənin iş günləri şəxsi nəqliyyat vasitələrindən istifadə etməyəcəklər. Onlar avtobuslardan istifadə edəcəklər. Bunun nəticəsində avtomobillə yola çıxanların sayında azalma olacaq”.
Mais Ağayev bildirib ki, məsələ avtobusların sərbəst hərəkətinin təmin olunmasına köklənib:
"Bu gün sıxlıq və tıxac səbəbindən avtobusların hərəkət sürəti olduqca aşağıdır, intervalda gecikmələr yaranıb. Bunun əsas səbəblərindən biri avtobusların sərbəst hərəkət imkanlarının olmamasıdır”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtobus zolaqlarının problemli olduğunu hesab edir:
"Bu, daha çox iki və üç zolaqlı yollarda özünü göstərir. Müəyyən problemlər də bundan sonra başlayır. Məsələn, "Yusif Səfərov” küçəsində zolaqların sayı çox olduğuna görə, burada heç bir mənfi nəticə göstərmir. Mən demirəm ki, ictimai nəqliyyatı inkişaf etdirməyək, zolaq salaq. Amma əlavə zolaq salaq. Mövcud zolağın birini zəbt edib onu avtobus solağına çevirəndə digər nəqliyyat növlərinə ciddi problem yaradır. Kimsə özündən ideyalar uydura, müxtəlif fiklirlər ortaya ata bilər. İctimai nəqliyyatı genişləndirdikə, şaxələndirdikcə şəxsi nəqliyyat vasitəsindən imtina edib ictimai nəqliyyat vasitəsinə minəcək, bunlar xəyallardır. Bu, ancaq 50-100 ildən sonra baş verə bilər. Bu gün hamı maşın almaq istəyir. Hətta imkanı olan ikisini almaq istəyir. Bu gün avtomobilləşməyə meyl var. Dünyanın bir çox ölkələrində insanlar birdən-birə avtomobilləşməyə meyl edib. Sonra illər keçib, ictimai nəqliyyat inkişaf edib və insanlar yavaş-yavaş gündəlik iş üçün ictimai nəqliyyata üstünlük verməyə başlayıb. Bu reallıqdır. Amma birdən-birə mən tramvay xətti çəkəcəm, hamı maşını atıb ona minəcək deyirlər, xeyir, belə bir anlayış yoxdur. Bu mümkün deyil, illər lazım olacaq. Ona görə biz avtobus zolaqları ilə bağlı təhlillər aparırıq. Məsələn, avtobus zolaqlarından hər 3 dəqiqədən bir avtobus keçir. Bu avtobusda isə 50-80 nəfər sərnişin var. Həmin müddət ərzində oradan 500 maşın keçə bilər. Gəlin müqayisə edək, görək nəqliyyat axını və insanların mənzil başına tez çatması baxımından hansı daha üstündür. Mən avtobus zolaqlarının yaradılmasının əleyhinə deyiləm. Sadəcə olaraq mümkün olan yerlərdə zolaqları yaratmaq lazımdır və mövcud deyil, yeni zolaqların yaradılmasına ehtiyac var. Yeni zolaqların yaradılması da mümkün deyil. Babək, Həsən Əliyev, Qara Qarayev prospektində zolaqları necə yaratmaq olar? Bütün prospektlərin sağı-solu obyektlərdir. Xətai rayonuna nə qədər icra başçısı gəlibsə, "Qara Qarayev” prospektinin sağ-solunu satıb. Bu gün orada elə bir obyekt var ki, dövlət onu köçürsə, 50 milyon bəs etməz. Məmurlar, bələdiyyələr dövlətə bu dərəcədə problemlər yaradıblar. Yol Polsi heç olmasa həftə sonları həmin zolaqlara daxil olanları cərimələməsin. Həftə sonları ictimai nəqliyyat işləmir. İkincisi, günün pik saatlarında da həmin zolaqlarda hərəkətə şərait yaratmaq lazımdır. Başqa avtomobillərin saatlarla tıxaclarda qalması ürəkaçan mənzərə deyil”.