Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini Abdullayev Əli İzzət oğlu Çexiya paytaxtında, Ruzova 947/8 ünvanında hüquqi qeydiyyatda olan AIM BOHEMİA S.R.O şirkətinin həmtəsisçisidir.
HİT.Az xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli yazıb.
Onun sözlərinə görə, şirkət 2008-ci ilin iyun ayında Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçib, fəaliyyət sahəsinə mülk və digər daşınmaz əmlak növlərinin kirayəsi daxildir.
Əli Abdullayev şirkəti təsis etdiyi illərdə Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib. Əvvəllər İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində (sonradan Dövlət Əmlak Komitəsi) hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, sonradan Auksion Mərkəzinə rəhbər təyin olunub.
Əli Abdullayevin şəriki Cəfərova Həcər Vaqif qızı da 2001-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində ümumi işlər və kadr məsələləri üzrə şöbənin rəisi olub. Çexiyadakı şirkətdə ortaqların hər biri 50 faiz paya malikdir.
Hazırda Medilayn Estetik Mərkəzinə rəhbərlik edən Həcər Cəfərova 2006-cı ildə təsis edilmiş "MEDEKSPRESS", 2007-ci ildə qeydiyyatdan keçmiş "MEDİLAYN", eləcə də ötən il qeydiyyata alınmış "BEAUTYLAB" və "BİOSCİENCE MEDİCİNE" məhdud məsuliyyətli cəmiyyətlərinin də təsisçisidir.