Neçə aydan sonra domino çaqqıltısına həsrət qalan çayxana masaları yenidən pəncərələrini siqaret tüstüsünə açdı.
Açdı ki, hirsini, özünü danlayıb söyən adamların səsini qapısından alıb pəncərəsindən buraxsın.
Balaca, 5-6 masalıq stolu olan çayxanada oturub Oktay dayını gözləyirdim.
Yan masada domino oynayanlardan biri qəribə və qərəzli bağırtı ilə "5-in 3-ü məndə” deyə əlindəki daşı stola çırpıb oyunu bağlamaqdansa, 5-in 3-ünü əlində-ovcunda saxlayıb özünə bağlanmışdı. Hə, eynən. Əlindəkini itirmək istəmirdi.
Siqareti yarımçıq külqabının tən ortasında söndürüb, manatı da çaynikin altına qoyub çayxanadan çıxdım.
İrəlidə beşmərtəbələrin ortasında sakinlərin özlərininin qoyduğu 4-5 skamyası, yelləncəyi, olan parkda oturmaq qərarına gəldim.
Oktay dayıya bir də zəng edib, "gəlirsinizmi” demək istəmədim. Harada olsa gələr. Gəlsə, zəng edəcək.
Dostum Ehtiram deyir ki, kişi dəqiq adamdı. Zamanında hər şeyi öz kranı ilə dəqiqliklə söküb atıb. İzləri-tozları da qalmayıb. Bəs nə bilmişdin, Anar! Söhbət Şaumyanın, Kirovun heykəllərinin ayağını Azərbaycan torpağından söküb atan adamdan gedir e!
Binanın altındakı marketin elan löhvəsini yerinə qaldırıb qoymaqda əziyyət çəkən kran sürücüsünü və bu mənzərəni kənardan dodaqlarını dişinin altında qurban kəsən 65-70 yaşında bir kişinin təəssüf dolu baxışlarını sezdim.
Bu, Oktay dayı olmalıydı!
O baxışlar "dişimlə-dırnağımla o lövhəni oradan asaram” deyirdi.
Yüzs ilin tanışı kimi yaxınlaşdım.
- Salam, Oktay dayı...
- Hə, oğul, hardan tanıdın? Mənəm, hə. Sürücünün bacarıqsızlığına hirslənirəm bayaqdan. Bax, bacarmadığın işə girişmə, dedikləri budur, - deyib gülümsədi. - Hə, nəysə, gedək, daha doğrusu, elə gəzişək.
- Hə, necəsiz, Oktay dayı?
- Necəyəmsə, eləyəm, oğul.
Oktay dayının idarə etdiyi tarixə düşmüş Yapon istehsalı olan kranın o dönəmdə Bakıya gəlməsi bəlkə də xsusi tapşırıqla olub. Bəlkə də yox...
Kirov Azərbaycan Kommunist Partiyasının Birinci katib olduğu dönəmdə (1921 iyul—1926 yanvar) Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsindən qopartmaq istəmişdi. Bu kran və onun sürücüsü Oktay dayı isə 30 il əvvəl - 1991-ci ilin yanvarında uzun illər sovet Azərbaycanının simvoluna çevrilmiş sovet dövlət xadimi Sergey Mironoviç Kirovun şəhərin ən hündür yerində ucaldılmış heykəlini söküb atıb. Hər halda belə bir şəxsin heykəlinə görə ta Yaponiyadan Bakıya kran gətirməyə dəyədi və onun hansı yolla gəlməsi o qədər də önəmli deyil.
Oktay dayı metrotikintidə işləyirdi 90-cı illərdə. Kran da metrotikintinin nəzdindəydi.
Sən demə, kranın iti qarmağı Kirovun heykəlindən əvvəl Şaumuyanın başını üzübmüş.
Sonra isə çəkisi 20 ton olan Sergey Kirovun tunc heykəlinə hücum çəkib. Heykəli bir başa dağıtmaq mümkün deyilmiş. Alpinistlərin iştirakı ilə heykəl 4 yerə bölünüb. Sonra isə bölünmüş hissələr götürülüb kranla.
Şamuyanın parça-parça olmasına dözməyən Kirovun tunc heykəli də iki günə başı, qolları parça-parça olaraq sökülüb.
Oktay dayı, bunu xüsusi vurğulayır: "Birinci, elə başlayan kimi onun başını üzdüm. Azərbaycanın çörəyini yeyib, ona düşmən kəsilən, nə qədər ailəni başsız qoyan Kirovun kir dolu heykəlinin başını qoparıb yerə atanda ürəyimdən yekə bir tikan çıxmışdı...”
Oktay dayı "Onu sökdükcə, haranısa qururdum”, - deyir.
Bu işə xalqın taleyi kimi yanaşırmış. Kimin əlindən nə gəlirsə, onu edirmiş.
Quruyan boğazını o illərin xatirəsi ilə yaşlayıb deyir: "Oğul, məsələ burasındadır ki, o sökülən heykəllərdən bir muzey kimi, sərgi kimi də istifadə etmək olardı. Gərək o tarix daim gözümüzün önündə olaydı, unutmayaydıq...”
Misalçün, Kirovun heykəlini tərsinə qurasdırıb, ayaqlarını başının üstə, əllərinə ayaqqabısını geyindirib, bərkidib maraqlı nəsə etmək olardı.
Danışdı, xeyli danışdı Oktay dayı.
O da, 90-cı illərin Koroğlusudu. At belində olmasa da, kranın belində azadlığın, müstəqilliyin baş qaldırmasında heykəl başı qopardan Oktay dayı.
İndi isə bircə arzusu var. O, kranla torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın heykəlini qaldırıb qoymaq. İndi, o, kranın 40 yaşı var. Satışa çıxarılıb. Məncə, o hələ öz missiyasını tamam yerinə yetirməyib. Qırx illik krana 40 gün də möhlət vermək lazımdır.
Oktay dayıya da can sağlığı... Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsinə verməyə çalışan Kirovun heykəlini sökən bu krana indi də Qarabağ uğrunda şəhid olan igidlərimizin heykəlini ucaltmaq qalır.
Redaksiyadan:
Xatırladaq ki, 1939-cu ildə, məşhur memar Sabsay və Lev İlin tərəfindən hazırlanmış bu nəhəng monumental heykəl sovet azərbaycanlılarının ideoloji baxışlarının təcəssümü sayılırdı.
1990-cı ilin qanlı yanvar qırğınından sonra Azərbaycanda nufuzunu itirmiş kommunist partiyası özünün simvollarına qarşı olan nifrəti heç bir vəchlə söndürə bilmədi. Bu obyektlərdən biri də Kirovun heykəli idi. Şəhidlər Xiyabanı ilə eyni məkanı "bölüşən” bu heykələ qarşı xalqın qəzəbini görən və nifrət çağırışlarının böyük gərginlik dalğasını yaradacağı təhlükəsini başa düşən Azərbaycanın o vaxtkı rəhbərliyi, Kommunist Partiyasının Birinci katibi Ayaz Mütəllibov və hakim sovet elitası heykəlin götürülməsi ilə bağlı qərar verirlər.
Amma Moskvanı qəzəbləndirməmək üçün hansısa bir ciddi səbəb göstərmək lazım idi. Bunun üçün heykəlin yerləşdiyi relyefdən istifadə etmək qərara alınır. Rəsmi açıqlama yayılır və orada elan olunur ki, Bayıl yamacında başlanan sürüşmə heykəlin yıxılması üçün ciddi təhlükə yaradıb. Fəsadları aradan qaldırmaq üçün heykəlin sökülməsi vacibdir.
Bundan sonra bizim məşhur kranla heykəl sökülür. Onun hara aparıldığı indiyə qədər bəlli deyil.
Kirovun heykəlinin götürülməsi Azərbaycan cəmiyyətində böyük rezonans verir. Müstəqilik uğrunda mübarizəyə qalxmış xalq üçün bu sovet sisteminin çöküşünün daha bir əlaməti kimi görünürdü. Heykəl sökülən gün Bakı sakinləri ora toplaşaraq mənzərəni sevinclə seyr edirblər.
Kirovun heykəlnin sökülməsi zamanın ən populyar qəzet olan "Səhər”in bağlanması ilə də yadda qalır. Qəzetin baş redaktoru Məzahir Süleymanzadənin Azpost.info-ya bildirdiyinə görə, qəzetin əməkdaşı, tanınmış jurnalist Hidayət Elvüsal bu sökülmə ilə bağlı bir yazı yazır və yazıya "Bayıl sürüşür, sən də sürüş yoldaş Kirov!” başlığını qoyur. Yazı qəzetə "Proşay, Kirov” (Əlvida, Kirov!) adı ilə gedir. M. Süleymanzadənin sözlərinə görə, bu yazı həm də o zaman Azərbaycana faktik rəhbərik edən, Kommunist Partiyasının ikinci katibi Viktor Polyaniçkoya ünvanlanmışdı. Yazıdan qəzəblənən Polyaniçko Ayaz Mütəllibovdan qəzetin bağlanmasını tələb edir. A.Mütəllibov "Azərbaycan” Nəşriyatının direktoru Bahadur Qayıbova zəng vuraraq "Səhər”ni daha çap edilməməsi barədə göstəriş verir. B.Qayıbov bir neçə dəfə A.Mütəllibovla görüşərək bu addımı atmamağa, ölkənin məşhur qəzetini bağlamağın doğru addım olmadığına inandıra bilir. Bundan sonra "daha partizanlıq” etməmək şərti ilə qəzetin çapına icazə verilir.
Sergey Kirovun heykəli isə hissələrə bölünərək maşınlara yüklənir və Dağüstü Parkdan bidəfəlik aparılır. Deyilənə görə, tərkibində tunc, bürünc və digər qiymətli materiallar olan abidə vaxtilə söküləndən sonra əridilərək yaxşı qiymətə xarici ölkələrə satılıb.
Anar Adil